Prezident İlham Əliyevin hər ilin əvvəlində olduğu kimi, bu il də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasətindəki ən son nailiyyətlər, ölkəmizin ötən bir ildə beynəlxalq əlaqələr sistemindəki yeri və rolu istiqamətində geniş və məzmunlu şərhlər yer aldı. Dövlət başçısının səsləndirdiyi tezislərdən, proqram xarakterli fikirlərdən ümumi qənaətə gələrək 2025-ci ili respublikamız üçün siyasi uğurların zirvəsi kimi xarakterizə etmək olar. Bu xüsusda ötən il avqustun 8-də dünyanın bir nömrəli siyasi ofisi - Ağ Evdə keçirilən tarixi görüşün nəticələri, mahiyyəti təkcə bu gün üçün deyil, onilliklərə bərabər ölçülür.
Vaşinqton görüşü həm qlobal dünya düzəninin nizama salınması, həm də regional siyasi, iqtisadi əlaqələrin tənzimlənməsi baxımından olduqca vacib addımların atılması ilə tarixə düşdü. Ən önəmli məqamlardan biri, təbii ki, uzun illərdir kəskin soyuqlaşan ABŞ-Azərbaycan əlaqələrində istiləşmənin yaranması, münasibətlərə kölgə salan maneələrin aradan qaldırılaraq dönüş nöqtəsinin əsasının qoyulmasıdır. Görüş çərçivəsində D.Trampın Prezident İlham Əliyevin şəxsən iştirakı ilə 907-ci düzəlişi ləğv etməsi, liderlərin regional bağlantılar, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət, təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumunu imzalaması münasibətləri yeni mərhələyə yüksəltmək baxımından əhəmiyyətli məqamlardan idi.
Prezident İlham Əliyevin sözügedən müsahibədə geniş təhlil etdiyi və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində rolunu gücləndirəcək nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı fikirləri idi. Bu layihənin də möhürü də məhz ötən il avqustun 8-də Vaşinqtonda vuruldu. Dövlət başçısının müsahibəsindəki fikirlərində səsləndiyi kimi artıq bu mühüm əhəmiyyətli dəhlizin açılacağı Amerika prezidenti tərəfindən də təsdiqlənmişdir. Bu proseslərdən sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi daha da yaxşılaşacaq, paraflanmış sülh sazişinin əhəmiyyəti, imzalanan Birgə Bəyannamə təbii ki, münasibətlərin getdikcə normallaşdırılması istiqamətində mühüm rol oynayacaq.
Müasir dünya nizamının sarsıldığı bir dönəmdə dövlət başçısının “beynəlxalq hüququn artıq rudimentə çevrilməsi” tezisi, rəsmi Bakının milli maraqlara söykənən yeni realizm dövrünə keçdiyinin qəti bəyanı olaraq prezidentin nitqində öz əksini tapdı. Klassik hüquq formalarının iflasa uğradığı, kağız üzərində verilən qərarların sadəcə mürəkkəb yığımına çevrildiyi bir şəraitdə prezidentin dünya reallıqlarına baxışı həm sarsıdıcı dərəcədə dürüst, həm də son dərəcədə real olaraq bu günkü çağırışlarla səsləşir. Prezidentin bu istiqamətdə fikirlərində doğru olaraq vurğulandı ki: Bu günkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Beynəlxalq hüquq, BMT - onların hamısı rudimentə çevrilib. Hər şey o qədər köhnəlib ki, onlara istinad etmək, sadəcə qeyri-ciddidir. İndi yeni reallıq mövcuddur. Bu reallığın fonunda Azərbaycanın qətiyyəti bir daha öz təsdiqini tapdı. Xüsusi olaraq ordu quruculuğunda. Dövlət başçısı Azərbaycanın son 5 ildə keçdiyi yolu xarakterizə edərək vurğuladı ki, əgər Azərbaycan ordusunun bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük.
Müsahibədə beynəlxalq münasibətlər, xarici siyasət, strateji tərəfdaşlıqlar, sülh və təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi inkişaf, xarici investisiyalar, enerji, nəqliyyat və logistika, sosial rifah, azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri, idarəetmə modeli, dilimizin qorunması, müasir texnologiyalar, elm, təhsil, kadr islahatları, mədəniyyət, turizmlə bağlı prezidentin səsləndirdiyi konseptual fikirlər Azərbaycanın yaratdığı yeni reallıqların və strateji vizyonun əsl mahiyyətini bir daha ortaya qoymuş oldu.
Müsahibədə Azərbaycan dili, Vətən torpağı haqqında sualların cavablandırılması zamanı prezidentin səmimi, kövrək duyğularla cavab verməsi ən əhəmiyyətli məqamlardan idi. Azərbaycan dilinin saflığının qorunması məsələsi prezident İlham Əliyev üçün xüsusilə vacib və həssas mövzu olduğu əslində hər kəsə çoxdan aydındır. Bu barədə dönə-dönə fikirlər söyləyib, çıxışlarında ana dili məsələsinə dəfələrlə ayrıca toxunub. Prezident İlham Əliyev sözügedən məsələni olduqca ciddi tərzdə, həyəcanla vurğulayaraq hamımızı bu sahədə daha ayıq, həssas olmağa bir daha çağırış etdi.
Vətən və torpaq anlayışları barədə sualları cavablandırması məqamları müsahibənin ən təsirli və yadda qalan məqamlarından idi: “Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. Qarabağa gedəndə baxıram, görürəm ora da qara torpaqdır, deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur.”
Müsahibədə Azərbaycan prezidenti Türk Dövlətləri Təşkilatının liderlərinin görüşlərində irəli sürdüyü birgə hərbi təlimlər təşəbbüsünü də həmçinin xatırlatdı. Bildirdi ki, bu təşəbbüs hərbi blok yaratmaq təşəbbüsü daşımır. Son dövrlərdə baş verən proseslərin fonunda təhlükəsizlik məsələlərinə daim ciddi yanaşmağın vacibliyi önəm daşıyır.
Müsahibədə sosial inkişaf məsələləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev islahatların əsas məqsədinin vətəndaşların rifahının yüksəldilməsi olduğunu vurğulayaraq, insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını bir daha önə çəkdi. Prezidentin nitqində qeyd olundu ki, bu sadəcə olaraq şüar deyil. Bizim bütün siyasətimiz sosialyönümlü xarakter daşıyır. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillərin verilməsi, sosialyönümlü dəstək göstərilməsi müsahibədə də qeyd olunduğu kimi əməli olaraq görülən işlərdə öz əksini tapır.
Tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərindən biri məhz Böyük Qayıdış Proqramının uğurla icrasının reallaşmasıdır. Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinə diqqət yönəlməsin. Qeyd olunan müsahibədə də bu istiqamətdə həyata keçirilən tədbirlərdən geniş şəkildə bəhs olundu. Prezidentin nitqində qeyd olundu ki: “Bu gün artıq təbii ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.”
Müsahibənin sonunda ən əhəmiyyətli məqamlardan dövlət başçısının hər zaman olduğu kimi çağırış etdiyi, dövlətimizin mövqeyini bir daha qəti şəkildə bəyan etdiyi fikirlər oldu. Prezidentin nitqində vurğulandı ki: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək.