25 noyabr Kəlbəcər Şəhəri Günüdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tariximizin bu qürurverici səhifələrinin daim vərəqlənməsinə çağırış kimi dəyərləndirilir. Şanlı Zəfərimizin təcəssümü kimi dəyərləndirilən bu sərəncamla Kəlbəcər rayonunun işğaldan azad edildiyi tarix - 25 noyabr – Kəlbəcər Şəhəri Günü kimi təsis edilib.
Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malik rayondur. Ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri Kəlbəcərin əvəzsiz arxeoloji sərvətinin göstəricisidir. Burada aşkar olunan 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri və atəşpərəstlik dövründən İslam dövrünədək aid daş abidələr Kəlbəcərin mədəniyyətlərin qovuşduğu bir bölgə olduğunu sübut edir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Camışdağ dağ (3724 m) və Dəlidağ (3616 m) kimi zirvələr bu ərazinin möhtəşəm dağ mənzərələri ilə zənginləşdirir. Meşəliklərlə əhatə olunan rayon şimaldan Daşkəsən, Göygöl, qərbdən Ermənistan Respublikası, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. 1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcərin ərazisi 3054 kv.km. təşkil edir və burada 1 şəhər, 1 qəsəbə, 145 kənd yerləşir.
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Həm təbii sərvətlərinin, təbiətinin istismarı baxımından, həm də strateji mövqeyinə görə Kəlbəcərin işğalı həmin vaxt ermənilər üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla sərhəddi yox idi. Laçın və Kəlbəcərin işğalından sonra Ermənistan bu ərazilərlə əlaqə yaradaraq silah, texnika, canlı qüvvə göndərilməsinə nail olmuşdur. Və bu faktorlar Ermənistanın işğalçılıq siyasətini genişləndirərək digər rayonlarımızı da işğal etməsinə şərait yaratmışdır.
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə çıxardığı 30.04.1993-cü il tarixli 822 saylı ilk Qətnamə də məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Lakin təəssüflər olsun ki, sonradan qəbul edilmiş digər üç qətnamə də 822 saylı ilk Qətnamə kimi kağız üzərində qalmışdı. BMT qətnamələri yalnız İkinci Qarabağ müharibəsindən sonra öz gücümüz, qüdrətimiz, hərbi siyasi məharətimiz və Qələbəmiz hesabına icra olunmuşdur.
Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmiş və bu bizə böyük strateji üstünlük vermişdir. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırmışdı və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədikləri üçün Ermənistan ordusunun hərəkətləri iflic vəziyyətinə düşmüşdür.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. 1993-cü ilin aprel ayından etibarən Kəlbəcərdə qeyri-qanuni məskunlaşan ermənilər buranı tərk edərkən rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.
Döyüşlərdə iştirak edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Hazırda digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcər rayonu da müasir tələblər səviyyəsində yenidən qurulur. Bütün bölgələrimiz kimi Kəlbəcər də artıq yeni inkişaf dövrünü yaşayır. Kəlbəcər rayonu azad edildikdən sonra dövlət başçısının bölgəyə 7 səfəri baş tutmuşdur. Bu səfərlərin hər biri çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimləri ilə zəngin olmuşdur. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə davamlı səfərləri və icra edilən infrastruktur layihələri ümumilikdə Böyük Qayıdış Proqramının uğurla icrasının real mənzərəsini yaradır. Qısa zamanda görülən böyük həcmli işlər eyni zamanda dövlətimizin iqtisadi qüdrətini təcəssüm etdirir.
Kəlbəcər həm tarixi, həm də strateji əhəmiyyətinə görə Azərbaycanın qürur mənbəyidir. Kəlbəcər Şəhəri Günü, təkcə bir tarixi gün deyil, həm də ordumuzun gücünün, qüdrətinin, Ali Baş Komandanın qətiyyətinin, xalqımızın iradəsinin, əzminin və Vətən sevgisinin rəmzidir. Bu əlamətdar gün eyni zamanda gələcək üçün birliyimizi və əzmkarlığımızı daha da möhkəmləndirir. Şəhərlərimizin yenidən dirçəlişi ilə bağlı hər bir addım, həm də ölkəmizin daha güclü gələcəyinin təməl daşlarını qoyur.
Bu gün Kəlbəcərin dağlarında dalğalanan üçrəngli Bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvolu olaraq bir daha hər birimizi qürurlandırır.