"Məlum olduğu kimi demoqrafik meyllər və əhalinin yaş kateqoriyaları arasında baş verən dəyişikliklər pensiya sisteminin uzunmüddətli tarazlığına təsir göstərən önəmli faktordur. Əmək qabiliyyətli əhali ilə pensiyaçılar arasındakı nisbətin dəyişməsi isə gələcək illərdə sistemin yükünü artıra bilər”.
Bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Bu səbəbdən demoqrafik risklərin qabaqcadan hesaba alınması, uzunmüddətli proqnozlaşdırma modellərinin hazırlanması və qərarların bu çərçivədə verilməsi də mühüm əhəmiyyət kəsb edir.
Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində isə normativ-hüquqi, təşkilati və funksional çatışmazlıqların yaratdığı sistemli ziddiyyətlər, təəssüf ki, hələ də qalır və bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən daha dərin struktur uyğunsuzluqlardan qaynaqlanır.
Əlillik qiymətləndirməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən fundamental ziddiyyətlərdən biridir. Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilməsinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmasına gətirib çıxarır.
Bundan əlavə, əlilliyin qiymətləndirməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu da qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir. Bununla yanaşı, bəzi anlayışların, xüsusilə də funksional itki dərəcəsi, davamlı fəsad, iş qabiliyyətinin məhdudluğu kimi kriteriyaların tətbiqində vahid yanaşmanın olmaması subyektiv şərhlərə meydan yaradır.
Vətəndaşla ünsiyyət mexanizmlərinin yüksək səviyyədə olmaması, qərarların mahiyyətinin yetərincə və anlaşılan bir şəkildə izah edilməməsi, eləcə də apellyasiya mexanizmlərinin səmərəli çalışmaması bir sıra hallarda inamsızlığa yol açır. Bütün bu problemlər göstərir ki, əlilliyin qiymətləndirməsində islahatlar yalnız sosial müdafiə sahəsini deyil, səhiyyəni, informasiya idarəçiliyini, əmək bazarını və hüquqi-normativ çərçivəni əhatə etməli, geniş institusional dəyişikliklərlə müşayiət olunmalıdır”, - deputat qeyd edib.