Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibə verib
Manşet / Siyasət / Dün, 16:20

Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibə verib

 

 

Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu gün yüksək etimad, sarsılmaz dostluq və tarixi qardaşlıq zəmnində daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu strateji əlaqələrin dərinliyini, qarşılıqlı maraqlar və ortaq dəyərlərə əsaslanan əməkdaşlığın miqyasını bir daha nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi iki xalqı birləşdirən ortaq türk kimliyi, mədəni və mənəvi yaxınlıq, həmçinin qarşılıqlı dəstək üzərində qurulan münasibətlər bu gün artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-Qazaxıstan əməkdaşlığı siyasi, iqtisadi, mədəni-humanitar və ekoloji sahələrdə çoxşaxəli xarakter daşıyaraq ən yüksək pilləyə qədəm qoyub. Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar prinsipinə əsaslanan bu əlaqələr iki qardaş ölkənin davamlı inkişafının, xalqlar arasında dostluğun və regional sabitliyin təməlini təşkil edir.


Dövlət başçısı müsahibəsində Azərbaycan-Qazaxıstan əlaqələrinin hazırki vəziyyəti, əməkdaşlığın əsas istiqamətlərinə bir daha nəzər salaraq mühüm fikirlər səsləndirdi. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq fəaliyyət və regional məsələlər barədə strateji məqamlar qeyd olundu. Müsahibədə həmçinin nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafının, eyni zamanda yaşıl enerji sahəsində birgə işlərin də perspektivlərindən bəhs olundu.


Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksək etimad və qarşılıqlı hörmətə əsaslanır. Ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, türk kimliyi bu münasibətlərin özülünü təşkil edir. Məhz bu təməl üzərində güclü strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Ölkələrimiz arasında 20 il əvvəl imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” bu münasibətlərin hüquqi əsasını təşkil edir. Ötən illər ərzində 170-dən çox sənəd imzalanıb, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri formalaşıb. Qurulan bu mexanizmlərin ən vaciblərindən biri 2024-cü ildə fəaliyyətə başlayan Ali Dövlətlərarası Şuradır. İlk iclasının nəticələri artıq iki ölkə münasibətlərinin yeni mərhələyədək yüksəldiyini göstərib. Astanada keçiriləcək ikinci iclas zamanı əməkdaşlığın perspektivləri daha dərindən müzakirə ediləcək və yeni strateji addımlar müəyyən olunacaq. Bu Şura ikitərəfli münasibətləri koordinasiya edən, qərarların icrasını təmin edən və gələcək hədəfləri müəyyənləşdirən ali siyasi platforma kimi çıxış edir. Bu, eyni zamanda iki dövlətin institusional əməkdaşlığının nə qədər yüksək səviyyəyə çatdığını nümayiş etdirir. Bu strateji yaxınlığın ən mühüm hərəkətverici qüvvələrindən əsası təbii ki, liderlər səviyyəsində aparılan fəal və konstruktiv dialoqdur. Təkcə son 3 ildə Azərbaycan prezidentinin Qazaxıstana 7 səfəri, Tokayevin isə Azərbaycana 6 səfəri bu münasibətlərin intensivliyini və strateji xarakterini təsdiq edir. Dövlət başçıları arasındakı müntəzəm görüşlər aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır. Bu səfərlər sadəcə protokol xarakterli deyil, konkret nəticələrə hesablanmış və hər dəfə yeni əməkdaşlıq sahələrinə yol açan siyasi dialoq platformasıdır.


Azərbaycan və Qazaxıstan çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Ölkələrimiz BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər təsisatlar çərçivəsində də ortaq mövqelərini ardıcıl şəkildə müdafiə edir, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni inteqrasiya sahələrində bir-birinə dəstək göstərir. Xüsusilə TDT çərçivəsində sıx əməkdaşlıq, regional layihələrin təşəbbüskarı kimi liderlik fəaliyyətini qeyd etmək olar. Prezident İlham Əliyevin müsahibədə bu məsələyə xüsusi diqqət çəkərək qeyd etdiyi kimi TDT-nın Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün, bu yaxınlarda isə Qəbələdə XII Zirvə görüşünün keçirilməsi və imzalanan bəyannamələr türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi, hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə təkan verir. Dövlət başçısı həmçinin 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənə ilə qeyd ediləcəyini də müsahibəsində bildirdi. Bu əməkdaşlıq həm ikitərəfli münasibətləri gücləndirir, həm də regionda yeni geosiyasi və iqtisadi sinerji yaradır.


İki qardaş xalq arasında mədəni-humanitar əlaqələrin dinamikası da sevindiricidir, çoxsaylı mədəni tədbirlər bunları təsdiq edir. Onlardan ən mühümü 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günlərinin, eləcə də qazax ədəbiyyatının ən görkəmli simalarından biri Kemel Tokayevin 2023-cü ildə Bakıda 100 illik, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfransların keçirilməsini qeyd etmək olar.


Müsahibə zamanı dövlət başçısı enerji sahəsindəki əməkdaşlığa diqqət çəkərək bildirdi ki, bu sahədə mühüm sazişlər imzalanıb, bundan əlavə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və bərpa olunan enerji mənbələrinin təşviqi istiqamətində ortaq layihələr həyata keçirilir.


Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığa toxunan İlham Əliyev qeyd edib ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi nəticəsində mümkün olub. Həmçinin Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.


Prezident İlham Əliyev müsahibənin sonunda Xəzər dənizi ilə bağlı fikirlərini səsləndirərkən narahatlığını bildirərək qeyd edib ki: Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır. Artan transmilli ekoloji risklər şəraitində Xəzər artıq yalnız su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.