Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş son görüş regionun gələcəyi baxımından strateji əhəmiyyət daşıyan bir hadisədir. Bu görüşün konstruktiv atmosferdə və qarşılıqlı anlaşma şəraitində baş tutması, ilk növbədə, Azərbaycanın nümayiş etdirdiyi siyasi iradənin, diplomatik çevikliyinin və qlobal sülh gündəliyinə sadiqliyinin nəticəsidir.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli görüş çərçivəsində müzakirə olunan məsələlər, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, nəqliyyat və kommunikasiya xətlərinin bərpası, eyni zamanda, sülh sazişi layihəsi üzərində irəliləyiş əldə olunması Cənubi Qafqazda sülhün təmin olunması üçün vacib faktorlardır. Azərbaycanın bu məsələlərdə konstruktiv mövqeyi və prinsipial yanaşması onu göstərir ki, ölkəmiz danışıqlar prosesini təkcə iştirakçı kimi deyil, həm də formalaşdırıcı, təşəbbüskar tərəf kimi aparır.
"Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan postmünaqişə dövründə sülh çağırışlarını ardıcıl şəkildə irəli sürüb, bütün beynəlxalq platformalarda ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş bir dövlət kimi regionda yeni geosiyasi düzənin təşəbbüskarı kimi çıxış edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürülən mövqe təkcə ikitərəfli münasibətlər deyil, ümumilikdə Avrasiya məkanında inteqrasiya və əməkdaşlıq imkanlarını genişləndirəcək.
Görüşdə əldə olunmuş razılıqlar çərçivəsində danışıqların texniki səviyyədə işçi qrupları formatında davam etdirilməsi və müzakirələrin daha yüksək siyasi platformalara daşınması sülh prosesi üçün yeni imkanlar açır. Bu isə öz növbəsində Azərbaycanın liderliyi və qətiyyətli mövqeyi olmadan Cənubi Qafqazda real sülhün mümkün olmadığını bir daha sübut edir", - deyə G.Ağamalı vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan sülh istəyir, lakin bu sülh birtərəfli və güzəştə əsaslanan deyil, ədalətə, qarşılıqlı tanınmaya, beynəlxalq hüququn prinsiplərinə və tarixi reallıqlara söykənməlidir. Ermənistan tərəfi də nəhayət anlamalıdır ki, destruktiv siyasət, revanşist yanaşmalar və manipulyativ ritorika nəinki prosesə fayda vermir, əksinə regional təcrid və etimadsızlıq mühitini dərinləşdirir.
Prezident İlham Əliyevin apardığı uzaqgörən və sistemli siyasəti, prinsipial mövqeyi bölgədə davamlı sülhə, qarşılıqlı hörmətə əsaslanan reallığın formalaşmasında həlledici rol oynayır və Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin yaranmasına mühüm töhfə verir. Azərbaycan yalnız öz milli maraqlarını deyil, bütövlükdə regionun gələcəyini düşünən, qurucu və yönverici dövlət kimi tarixə imza atmaqdadır.