İyunun 2-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Dövlət başçısının çıxışında səsləndirdiyi tezislər təkcə energetika sahəsində əldə olunan nailiyyətlər deyil, həm də ölkəmizin geosiyasi çəki mənzərəsinə çevrilməsi prosesini aydın şəkildə nümayiş etdirdi.
Qeyd edək ki, “Bakı Enenrji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsinin mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enenrji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib. “Bakı Enenrji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enenrji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da nümayiş etdirir.
Azərbaycanın müasir enerji strategiyasının təməlində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Məhz həmin dövrdə Prezident Heydər Əliyevin strateji baxışı nəticəsində enerji sahəsinə yönəlmiş xarici sərmayələr ölkəmizin siyasi və iqtisadi sabitliyinin bünövrəsini qoydu. O zaman Azərbaycan xarici investorlar üçün riskli ölkə kimi dəyərləndirilirdi. Vətəndaş müharibəsi, işğal və iflic vəziyyətində olan iqtisadiyyat bu mənzərənin aydın təzahürü idi. İnflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Ulu Öndər açıq şəkildə anlayırdı ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı.
Bu gün Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. ÜDM-in 30 faizdən çoxunu təşkil edən enerji sektoru, maliyyə ehtiyatlarının xarici borcdan 14 dəfə artıq olması və yoxsulluğun səviyyəsinin 5 faizə qədər enməsi, enerji resurslarının strateji və düşünülmüş idarəetməsinin nəticəsidir. Bu göstəricilər təkcə iqtisadi statistikadan ibarət deyil – bunlar siyasi müstəqilliyin, milli təhlükəsizliyin və dayanıqlı inkişafın real təminatıdır.
Azərbaycanın Avrasiyanın əsas enerji arteriyalarından birinə çevrilməsi təsadüfi deyil. Prezident bu istiqamətdə bir çox məqamlara toxunaraq bildirdi ki: “Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.”
Dövlət başçısı eyni zamanda əlavə edib ki: “Əlbəttə bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırmaq Azərbaycanın gesiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli dərəcədə rol oynayacaqdır.”
Prezident çıxışında yaşıl enerji məsələsinə də xüsusi yer ayırdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanən yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Azərbaycanın COP 29-a ev sahibliyi etməsi və burada real, praqmatik gündəliyin təşviqi ölkəmizin beynəlxaq etimad reytinqinin göstəricisidir. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycana aid olan COP 29-un əsas nəticəsi İtki və Zərər Fondunun genişləndirilməsi, karbon bazarının işə salınması və Qlobal Şimal - Qlobal Cənub arasında körpü funksiyasının yerinə yetirilməsi - bu Forumu tarixi hadisəyə çevirdi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
Prezident çıxışının sonunda vurğuladı ki, COP29-la bağlı əsas hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr – inkişaf etmiş ölkələr – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.