Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin növbəti təntənəsinə çevrildi. Zirvə görüşündə prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də strateji baxış baxımından mühüm məqamlarla yadda qaldı. Həmin çıxış təkcə Azərbaycanın Türk dünyasında rolunu deyil, eyni zamanda bölgədə lider mövqeyini bir daha nümayiş etdirdi. Ötən il məhz Azərbaycanın təşəbbüsü ilə Şuşada təşkil olunan ilk qeyri-rəsmi Zirvə görüşü Türk dövlətləri arasında siyasi dialoqun və qardaşlıq münasibətlərinin dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu il isə Budapeştdə keçirilən növbəti qeyri-rəsmi görüş həmin uğurlu xəttin davamı olaraq Azərbaycan liderinin fəal və təşəbbüskar mövqeyini sərgilədi.
Zirvə görüşündə prezidentin çıxışının əhəmiyyətli hissəsi TDT-nin inkişafına həsr olunmuşdu. Azərbaycanın təşkilat daxilində fəal rolu, xüsusilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün təşəbbüskarı olması ölkənin Türk dünyasında aparıcı rolunu təsdiqləyir. Belə ki, Azəraycan bu istiqamətdə həm siyasi, həm iqtisadi, həm də infrastruktur baxımından mühüm təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyev çıxışında həmçinin TDT-nın iqtisadi birliyinin gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, rəqəmsal platformaların yaradılması və enerji təhlükəsizliyi sahəsində potensialından geniş şəkildə bəhs etdi.
Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması və bu ildən Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması TDT-nın sadəcə siyasi və mənəvi birlik deyil, iqtisadi güc mərkəzi kimi də gələcəkdə öz sözünü deyəcəyini düşünməyə əsas verir. Prezidentin çıxışında bu məqamlara da xüsusi diqqət yetirildi və vurğulandı ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Azərbaycanın Orta Dəhliz vasitəsilə Türk dövlətlərini Avropa və Asiya bazarlarına bağlayan tranzit ölkəyə çevrilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin Azərbaycanın vəsaiti hesabına artırılması və Xəzər dənizi üzərindən vahid rəqəmsal nəqliyyat platforması yaradılması kimi təşəbbüslər regionun gələcək inkişafında ölkəmizin aparıcı rolunu təsdiqləyir. Prezident çıxışında bütün bu məqamlara geniş şəkildə toxunaraq bildirdi ki, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tiblisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.
Zirvə görüşündə prezident İlham Əliyev Azərbaycanın COP29 kimi mühüm bir qlobal tədbiri uğurla təşkil etdiyini vurğuladı. 77 min iştirakçının və 70-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu tədbir Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərdi. Prezidentin nitqində vurğulandı ki, COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan təkcə regional deyil həm də qlobal problemlərin həllində lider mövqeyindədir.
Prezident İlham Əliyevin Budapeşt sammitindəki çıxışı bir daha sübut etdi ki, o yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının strateji maraqlarını müdafiə edən, davamlı inteqrasiyaya töhfə verən uzaqgörən liderdir. Onun təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatı daha da güclənir, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu həm də bütün Türk coğrafiyası üçün sabitlik, inkişaf və tərəqqi naminə mühüm töhfələrə yol açır.