Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlir. Dövlətimizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə də əlaqələri yeni siyasi dövrdə ən əhəmiyyətli mərhələyə qədəm qoyub. Xüsusilə Macarıstan ilə əlaqələrin möhkəmləndirilməsi son illərdə xarici siyasətimizin mühüm istiqamətlərindən birinə çevrilib. İki ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dövlətimizin başçısının Budapeştə işgüzar səfəri zamanı keçirdiyi görüşlər, mətbuata verdiyi açıqlamalar bir daha iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər verir.
İlk növbədə qeyd edək ki, Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və illər keçdikcə dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycanla Macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması və bu prosesin davamı olaraq 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə müttəfiqlik daha da güclənib. Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi Azərbaycanla Macarıstan strateji tərəfdaşdırlar. İki ölkə arasında bir çox oxşarlıqlar var. Birincisi, tarixi köklərimizdir. Eyni zamanda ölkələrimizin əhalisinin təxminən eyni olması, ölkə ərazisinin sahəsinin də demək olar ki, bir-birinə çox yaxın olması əsas amillərdəndir. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Dövlət başçısının mətbuata bəyanatında qeyd olunduğu kimi Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir və biz də eyni vəziyyətdəyik. Bu oxşarlıqlar ortaq çağırışlara qarşı birgə mövqe formalaşdırmağa əlverişli zəmin yaradır. Bu praqmatik yanaşma Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri olan qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin nümunəsidir.
Azərbaycanla Macarıstan arasında əməkdaşlıq əlaqələrindən bəhs edərkən energetika sahəsində əməkdaşlıq xüsusilə qeyd olunmalıdır. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında - əsas iki neft və qaz layihəsində pay sahibidir. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmiz enerji resurslarının ixracında olduğu kimi, həm də bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Prezidentin qeyd etdiyi kimi növbəti 5 ildə ölkəmizdə 6 min meqavatlıq yaşıl enerji istehsalı planlaşdırılır. Bu isə, təbii qazın ixracını artırmaqla yanaşı, enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu daha da gücləndirəcək.
Dövlət başçısının bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də İkinci Qarabağ müharibəsi barədə səsləndirdiyi fikirlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.
Prezident İlham Əliyevin çıxışında həmçinin TDT çərçivəsində əməkdaşlıq və COP29-un Bakıda uğurla keçirilməsi məsələlərinə də toxunuldu.
Ölkə rəhbərinin Macarıstanın TDT-nın qeyri-rəsmi görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirməsi diqqət çəkən məqamlardan idi. Macarıstanın bu proseslərdə fəal iştirak etməsi türk kimliyinə və ortaq tarixə verdiyi önəmin göstəricisi kimi dəyərləndirildi.
Prezident İlham Əliyev Macarıstanın Aİ daxilində müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsini alqışlayaraq, bu istiqamətdə Azərbaycanla oxşar yanaşmaları vurğuladı. Azərbaycanın da xarici siyasət kursu dövlət maraqlarının müdafiəsinə, beynəlxalq aləmdə müstəqil mövqe sərgiləməyə əsaslanır. Macarıstan Avropa İttifaqı daxilində digər üzv dövlətlərdən fərqli olaraq öz suverenliyini və iqtisadi müstəqilliyini qoruyan nadir ölkələrdən biridir. Prezident İlham Əliyev öz çıxışında bu məqama da diqqət çəkərək qeyd edib ki, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Aİ-nın vahid xarici siyasəti bir çox oturuşmuş prinsiplərə, qaydalara əsaslanır. Ancaq buna baxmayaraq dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq isə doğurdan da böyük qəhrəmanlıq, siyasi iradə, düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var.
Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər yalnız Azərbaycan üçün deyil, eyni zamanda müstəqil siyasət yürütmək istəyən dövlətlər üçün də ciddi mesajları ehtiva etdi.