Qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasət kursu ilə Azərbaycan potsovet məkanında stabil, inkişaf edən lider ölkə statusunu qoruyub saxlamaqdadır. Bu statusun qazanılmasında şübhəsiz ki, prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və müdrik siyasət xüsusi önəm daşıyır. Digər tərəfdən Azərbaycanı Şərq ilə Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi ölkənin istər Avropa, istərsə də Asiya dövlətləri ilə əlaqələrinin yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Dövlət başçısının Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində bu və ya digər məqamlar ətraflı şəkildə yer alıb. Fevralın 11-də televiziya kanalında yayımlanan sözügedən müsahibə Azərbaycanın daxili və xarici siyasət uğurları fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna bir daha ətraflı işıq saldı. Öncə diqqəti son illərin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına yönəldən dövlət başçısı bildirdi ki, bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Müsahibədə diqqət çəkən məqamlardan biri də dövlət başçısının çoxqütblü dünyada Azərbaycanın yerinin harada olması ilə bağlı sualı cavablandırması oldu. Qeyd olundu ki, Azərbaycan ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdədir. Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirilmiş və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Prezident eyni zamanda qeyd etdi ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Sözügedən müsahibədə ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyən fikirlər hər birimiz üçün qürurludur. Təbii ki, cənab prezidentin qeyd etdiyi kimi hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarətdir.
Prezidentin müsahibəsindən irəli gələn məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan apardığı uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətlə davam edəcək. Bu sırada isə COP-29-un xüsusi rolu oldu. Azərbaycanın ötən il ən böyük uğuru təxminən 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etməsi oldu. Prezidentin də ifadə etdiyi kimi, bu, böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi bütün iştirakçı dövlətlər və qurumlar dəstəkləndi. Sözsüz ki, COP-29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
Müsahibədə Ümumdünya Ticarət Təşkilatı və Qlobal İqtisadiyyatla bağlı səslənən fikirlər də diqqət çəkən məqamlardan idi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək ixracın əsas hissəsi qazıntı enerji növləridir.
Biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.
Müsahibə zamanı ABŞ-Azərbaycan münasibətləri və geosiyasi reallıqlar barədə prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, ABŞ ilə münasibətlərdə əvvəlki Bayden administrasiyası dövründə çətinliklər yaşanıb, lakin yeni administrasiya ilə əməkdaşlıq perspektivi var. Dövlət başçısı qeyd etdi ki, biz prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq.
Dövlət başçısının nitqində həmçinin vurğulandı ki, ABŞ-da Trampın qayıdışı və Avropa liderlərinin bundan narahat olması aydın hiss edilir ki, bu da Qərbin daxili siyasi çəkişmələrinin qlobal xarici siyasətə təsirini göstərir. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, əminik və nikbin fikirdəyik.
Dövlət başçısı eyni zamanda diqqətə çatdırdı ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Daim xalqlar və dövlətlər arasında yeni körpülərin qurulmasına, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Şaxələnmiş xarici siyasət istiqaməti sadəcə siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz və əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi Azərbaycanın da xarici siyasəti, daxili siyasətimizin davımıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş corafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın çox güclü təməl üzərində dayanmasına bir daha işıq saldı. Dövlət başçısı qeyd etdi ki, liderlik böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.
İyirmi ildən artıq müddətdə həmişə Azərbaycan xalqına müsbət və ya mənfi olmasından asılı olmayaraq həqiqəti söylədiyini bildirən prezident İlham Əliyev ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə belə bir çağırış etdi ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Bu halda özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.
Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyevin növbəti müsahibəsi Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu bir daha açıq şəkildə nümayiş etdirdi.