Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən qürurlu günlərdən biri – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının birliyinin, bölünməzliyinin simvolu olan Həmrəylik Günü çoxmilyonlu soydaşlarımız tərəfindən 30 ildən çoxdur ki, coşğulu dövlət bayramı kimi qeyd edilir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, milli birlik salnaməsinə və şərəfli keçmişə malikdir. Xalqımızın uzun əsrlər boyu yaratdığı dövlətçilik ənənəsi və irsi təəssüf ki, xarici istilalar nəticəsində müxtəlif dövrlərdə əlindən alınaraq unutdurulmağa çalışılmışdır. İşğalçı imperiyalar tərəfindən ərazisi zəbt edilərək dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınsa da, Azərbaycan xalqının milli birlik və bütövlük amalını, qayəsini heç vaxt sındırmaq mümkün olmamışdır.
S.Vəliyev qeyd edib ki, xalqımız hər zaman müstəqillik və bütövlük yolunda mübarizəsini davam etdirərək vahid milli ideya ətrafında sıx birləşib. Hələ sovet hökumətinin tərkibində olarkən azərbaycanlılara qarşı yürüdülən müstəmləkəçilik siyasəti, təqiblər və kütləvi cəza tədbirləri belə xalqımızın milli azadlıq ruhunu, iradəsini sındırmamış, daim həmrəylik mücadiləsinə köklənmişdir. Ümummilli lider Heydər Əliyev sovet rejiminin milli təqibləri davam etdirdiyi mürəkkəb şəraitdə ideoloji-siyasi baryerlərə sinə gərərək xalqımızın milli özünüdərki yolunda, azərbaycançılıq ideologiyası uğrunda sarsılmaz gücünü ortaya qoymuşdur. Ulu öndər xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir:
“Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini soydaşlarımızın milli vətənpərvərlik ruhunda tərbiyəsi tutur. Müasir nəslin öz soy-kökünə bağlılığı, milli mədəniyyətin, adət-ənənələrimizin, milli-mənəvi varlığımızın dirçəlişi onun hələ ötən əsrin 70-ci illərdə başlatdığı milli birlik hərəkatı vətənpərvərliyin və milli dövlət ideyasının dərin təşviqinə xidmət edirdi. O, Azərbaycanın tarixi yaddaşını, milli mənliyini bərpa edirdi. Demokratik dəyərlərə, milli rəmzlərə, adətlərə, ənənələrə yeni həyat verir, dini etiqadlar, müqəddəs bayramları xalqın özünə qaytarır, yeni bir həmrəylik dalğasına start verirdi.
Ulu öndər deyirdi ki, milli mənlik şüuru vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdirir.
Ümummilli liderin möhkəm təməllərini qoyduğu milli birlik və azərbaycançılıq ideologiyası ötən əsrin sonlarında xalqın milli özünüdərkini gücləndirdi və ictimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı respublikamızda böyük hərəkata çevrildi. Naxçıvanda geniş vüsət alan vahid milli birlik və müstəqillik ideyası 70 il bir-birindən ayrı düşmüş soydaşlarımızın qovuşmasına gətirib çıxardı. O dövrdə “sərhəd hərəkatı” adlanan xalq mücadiləsi sərhəd hasarlarının sökülməsi Arazın о tayı ilə bu tayın arasında milli-tarixi ünsiyyəti bərqərar etdi. Naxçıvan Muxtar Respublikasından başlanmış bu ümumxalq hərəkatı qonşu ölkələrdə, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlıların milli həmrəylik əzminin daha da gücləndirdi.
Ulu öndərin Naxçıvana dönüşündən sonra həmrəylik və milli azadlıq mücadiləsi yeni mərhələyə qədəm qoydu, dünyanın hər bir nöqtəsindən vahid Vətən ideyası üçün əsaslı dövr başlandı. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi o dövrün ən mühüm ictimai hadisəsi kimi tariximizə həkk olundu”.
Deputat vurğulayıb ki, Ümummilli liderimizin tarixi xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyi ideyası özünün ən ali zirvəsinə – milli dövlət və müstəqil Azərbaycan quruculuğunu da tamamladı. Bununla da Həmrəylik Günü xalqımızın qürur və şərəf səhifəsinə çevrilməklə ən əlamətdar bayramlardan biri kimi hər il ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən təntənəli bayram kimi qeyd edilərək xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrildi. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamaqdadır. Prezident İlham Əliyev milli həmrəyliyin gücləndirilməsinə xüsusi töhfə verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi yönündə ardıcıl qətiyyətli tədbirlər həyata keçirməkdədir. Onun xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində davamlı səyləri soydaşlarımız arasında güclü ideoloji bütövləşməni də dərinləşdirib:
“2001-2016-cı illərdə keçirilən Dünya Azərbaycanlılarının dörd qurultayında qəbul edilən qərarlar, verilən tövsiyələr, həmçinin, Prezidenti İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşü, verdiyi dəyərli tövsiyələr dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da möhkəmləndirib.
Azərbaycanın ən çətin və taleyüklü məsələlərin həlli dövründə xalqımızın həmrəyliyi daha güclü və monolitliyi ilə diqqəti cəlb edib. 44 günlük Vətən müharibəsi zamanı xalqımızın, cəmiyyətimizin birlik nümayiş etdirməsi olduqca qürurvercisi mənzərəni nümayiş etdirdi. Ölkəmizdə böyükdən kiçiyə hər kəsin vahid məqsəd uğrunda birləşməsi, eyni hədəfə vurması, anti-milli “AXCP-Müsavat” cütlüyü istisna olmaqla, 50-dən çox siyasi partiya və ictimai təşkilatın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ümummilli həmrəyliyimizin təntənəsinə çevrildi. Soydaşlarımz yaşadıqları ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi haqqında doğru-düzgün məlumatları çatdıraraq, habelə kütləvi tədbirlər keçirərək haqq səslərini ucaltdı, tarixi ədalətin mübarizəsinə qalxdılar. Ölkəmiz bu tarixi Zəfərlə yanaşı, siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atdı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi”.
“2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezidenti İlham Əliyevin nitqi həmrəylik konsepsiyasının yeni prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısı Vətən müharibəsi dövründə xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın fəaliyyətini dəyərləndirərək onların vahid amal ətrafında birliyini yüksək dəyərləndirib. Müharibə başa çatsa da, ölkəmizə qarşı olan ədalətsizliklər hələ bitməyib. Ona görə də, yeni çağırışlar dövründə birliyimiz, həmrəyliyimiz davamlı olmalı, Ermənistanın və dünya ermənilərinin Azərbaycana qarşı təxribatlarının qarşısının alınması üçün hər bir azərbaycanlı mübarizliyini qoruyub saxlamalıdır. Xüsusilə də, xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni vəzifələr düşür, onlar müxtəlif ölkələrin ictimaiyyətinin maarifləndirilməsi işində fəal olmalı, Azərbaycanın yaratdığı müasir reallıqlar, geosiyasi proseslər barədə informasiyaları çevik və operativ şəkildə çatdırmalıdır.
Dünya azərbaycanlıları artıq 4 ildir ki, həmrəylik gününü böyük ruh yüksəkliyi, coşğu ilə qeyd edir. Bu gün Zəngilanda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Xocalıda, Xankəndidə və digər ərazilərimizdə şanlı Azərbaycan bayrağının dalğalanması həmrəylik və milli birlik manifestinin təcəssümüdür.
Hazırda həmrəyliyimizin növbəti çağırışına uyğun olaraq xalqımız Qərbi Azərbaycanlıların öz tarixi vətənlərinə qayıdış konsepsiyası ətrafında sıx birləşib. Möhtərəm Prezidntimizin dəmir iradəsi və əzmkar fəaliyyətindən ruhlanan Qərbi Azərbaycan İcması tarixi torpaqlarımıza geri dönüş üçün beynəlxalq hüquqi-siyasi təminatların yaradılması istiqamətində davamlı və qətiyyətli addımlar atmaqdadır.
Əminəm ki, qarşıdan gələn 2025-ci ildə milli həmrəyliyimiz daha da güclənəcək və xalqımız və dünya azıərbaycanlıları Müzəffər Lideri İlham Əliyevə yeni uğurlara doğru irəliləyəcək” , - deyə millət vəkili vurğulayıb.