Xəbər lenti
Dəmir yumruq » Manşet » COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
Manşet / İqtisadiyyat / 1-10-2024, 18:41

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

 

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.

Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.

Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.

Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.