Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonası yaratmağı planlaşdırır - Muxtar Babayev
Manşet / İqtisadiyyat / 30-05-2024, 16:40

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonası yaratmağı planlaşdırır - Muxtar Babayev

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonası yaratmağı planlaşdırır.

Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında deyib.

"COP29-un hədəflərinə uyğun olaraq, Azərbaycan minatəmizləmə və yenidənqurma səylərində iqlim dəyişmələrinə dayanıqlılığın təmin olunmasına sadiqdir. Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və dayanıqlı metodları yenidən tətbiq etməklə bu torpaqları "yaşıl" zonalara çevirməyi çalışırıq. Tullantıların minimum səviyyəsini təmin etmək məqsədilə "ağıllı" şəhərlər və kəndlər kimi innovativ texnologiya və yanaşmalardan istifadə edirik", - o deyib.

Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin təqribən otuz il ərzində işğal altında qalması yerüstü mina və partlamamış hərbi sursatlar formasında "dağıdıcı miras" buraxmaqla, bioloji müxtəlifliklə zəngin münbit landşaftları ölü zonalara çevirib. O vurğulayıb ki, bu gizli təhdidlər təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də dayanıqlı inkişafa mane olur.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.