ABŞ və Azərbaycan arasındakı münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün konkret addımların atılmasına zərurət duyulurdu. Rəsmi Vaşinqtonun qərəzlim davranışına, qəribə açıqmalarına və bölgədəki sülh prosesminə ağır zərbə vura biləcək qərarlarına rəğmən, Bakı soyuqqanlı davranırdı.
İndi Birləşmiş Ştatlar irəliyə doğru real addım atmaq fikrindədir.
Bu baxımdan son aylar ərzində ilk dəfə olaraq ötən həftədə Bakı-Vaşinqton dialoqu intensivləşdi.
Vaşinqtonda ABŞ prezidenti Co Baydenin müşaviri Ceyk Sallivan, dövlət katibi Entoni Blinkenin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri kim, habelə dövlət katibinin demokratiya, əmək və insan haqları məsələləri üzrə köməkçisi Robert Cilkristlə danışıqlar aparıldı. Müzakirələrdə təbii ki, ABŞ-Azərbaycan münasibətlərinin indiki vəziyyəti, ən başlıcası isə perspektivləri nəzərdən keçirildi.
Ən əsas məqam isə Vaşinqton və Bakı arasındakı təmasların normallaşdırılması idi.
Çünki son aylarda dövlətlərimiz arasındakı münasibətlər yetərincə gərginləşmişdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin "ölkədə insan haqları və demokratik seçkilərlə bağlı" artıq mantraya çevrilərək klişeni xatırladan bəyanatları, səfir Mark Libbinin yerli jurnalistlərə müsahibəsində - yumşaq desək - həddən ziyadə birmənalı olmayan açıqlamaları, onun Şuşaya getməkdən imtina etməsi, daha sonra parlament seçkiləri ilə bağlı subyektiv və qərəzli bəyanatı - bütün bunlar təbii ki, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin genişlənməsinə xidmət edə bilməzdi.
Daha öncə isə Birləşmiş Ştatların İrəvanla "qəribə" oyunları; aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşərək İrəvana MDB ölkələri arasında indiyədək misli görünməmiş dəstəyin verilməsi ilə bağlı anlaşmanın imzalanması; Birləşmiş Ştatların Ermənistana açıq şəkildə hərbi yardımlar ünvanlamağa başlaması; Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmamış İrəvanın tam dəstəklənməsi, onun yeni geosiyasi və diplomatik "təşəbbüs"lərə vadar olunması, bununla da danışıqlar prosesində süni problemlərin yaradılması - bütün bunlar amerikalıların Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh və stabilliyin bərqərar olmasına yönəlmiş cəhdləri zəiflətməsi idi.
Daha əvvəl isə ABŞ Konqresinldə dinləmələr olmuş, Yuri Kim və Ceyms O-Brayen ermənipərəst konqresmenlərlə senatorları geridə qoyaraq Azərbaycanın ünvanına sərt, əsassız və qərəzli bəyanatlar səsləndirmiş, Bakıya ittihamlar ünvanlamışdılar.
Təbii ki, bütün bunlar rəsmi Bakıda əvvəlcə təəccüb, sonra isə qəzəb doğurmuşdu.
Nəticədə son aylarda Vaşinqtonla Bakı arasında sərt və diplomatik çəkişmələr yaşanırdı.
İndisə deyəsən, qarşılıqlı münasibətlərdəki buzlar tədricən əriməyə başlayır.
İlk addım ABŞ-ın Bakıdakı səfiri Mark Libbinin "getməyəcəyəm" deməsindən sonra Şuşaya getməsi oldu.
Əslində bu səfər heç nəyi dəyişən deyil və dəyişə də bilməzdi.
ABŞ və Ermənistan, habelə Rusiya və İran mediası M.Libbinin Şuşaya səfər etməkdən boyun qaçırmasını az qala Şuşanın Azərbaycan şəhəri olmasının Vaşinqton tərəfindən tanınmaması kimi qələmə verirdilər.
Belə iddialar absurd və gülüncdür. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın statusunun hər hansı dövlət, o cümlədən ABŞ tərəfindən tanınmasına əsla zərurət yoxdur. Şuşa Azərbaycan şəhərlərindən biridir və bu, ölkə Konstitusiyasına, habelə beynəlxalq hüquqa əsasən aksiomdur.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edəndəonun suverenliyi, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı başda BMT olmaqla beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanınıb ki, o ölkələr arasında ABŞ da vardı.
Mark Libbinin Şuşaya səfəri Vaşinqtonun geri çəkilməsi yox, irəliyə doğru addım atmaq niyyətindən xəbər verirdi və bu messici də Bakı aldı, anladı.
Birləşmiş Ştatların siyasi elitalarının subyektiv və qərəzli məqamlara əsaslanan davranışları nəticəsində gərginləşən, son aylarda isə ümumiyyətlə, tarıma çəkilən münasibətlərin normallaşması istiqamətində Vaşinqtonun təşəbbüsü anlayışla qarşılandı.
Münasibətlərin indiki vəziyyəti, yəni böhranlı durumu bütünlüklə və birbaşa olaraq Vaşinqtonun "əməyi" olduğundan sərt diplomatik dialoqun yumşaldılmasına doğru ilk addımı da o atmalı idi.
Və atdı.
ABŞ siyasətində dəyişikliklərin olması və Vaşinqtonun qəflətən Bakıya ifrat rəğbət bəsləməyə başlaması kimi illüziyalar yersizdir. Sadəcə, Birləşmiş Ştatlar qlobal geosiyasətdəki dəyişiklikləri və Cənubi Qafqazdakı reallıqları adekvat dəyərləndirir.
Vaşinqton da dərk edir ki, dövlətlərarası əlaqələrin zəifləməsi və münasibətlərin gərginləşməsi Bakının maraqlarına cavab vermir. Rəsmi Bakı okeanın o tayı ilə təmasların aktivləşdirilməsində, iqtisadiyyatdan tutmuş, geosiyasətə qədər bütün (!) sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətlərdə zəruri addımları ataraq müvafiq qərarlar qəbul etməyə hazırdır.
Daha doğrusu, həmişə bəhs olunan strategiya çərçivəsində hərəkət edib.
Amma bütün bunlarla yanaşı, Azərbaycanın əsla güzəştə getməyəcəyi, bir addım da geri çəkilməyəcəyi məsələlər var ki, Vaşinqton onları bilir.
Həmin məsələlərin siyahısı çox qısadır: sərhəd toxunulmazlığı, ərazi bütünlüyü, suverenlik, daxili işlərə müdaxilənin yolverilməzliyi.
Postsovet məkanındakı və başqa regionlardakı bir sıra dövlətlərdən fərqli olaraq, Azərbaycana təkidlər, hədələr, ultimatumlar, sanksiya təhdidləri və s. vasitəsilə nəyisə zorla qəbul etdirmək, yürüdülən siyasətdə "zəruri dəyişiliklər"ə vadar olunmaq mümkün deyil.
Prinsipial məsələlərdə rəsmi Bakı həmişə və bütün müstəvilərdə mövqeyini qoruyub, bundan sonra da belə olacaq.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı geosiyasi reallıqları yeniləyən, ötən ilin sentyabrın 19-dakı birgünlük lokal antiterror tədbirləri ilə Xankəndindəki separatçı-terrorçu xuntanın mövcudluğuna son qoyan və sərhədlərini bütün perimetr boyunca bərpa edən Azərbaycan indi bölgəmizin iqtisadi, siyasi, geosiyasi və hərbi lideridir.
Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında əlaqələrin intensivləşməsi, Bolqarıstan və Slovakiyanın Azərbaycandan daha çox təbii qaz almaq istəkləri, Avropa İttifaqının şərq blokunda rəsmi Bakının əlaqələrinin və nüfuzunun artması, habelə Azərbaycan-Çin təmaslarının aktivləşməsi ABŞ-ın diqqətindən yayınmayıb.
Birləşmiş Ştatlar çox gec olsa da, arlayıblar ki, Cənubi Qafqazda təsir imkanlarını artırmaq və mövqelərini möhkəmləndirmək üçün Azərbaycanla sıx əlaqələr qaçılmazdır.
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməsindən sonra ABŞ anladı ki, rəsmi Tbilisinin aşkar Qərbə meylliyi barədə Vaşinqtondakı təsəvvürlər mif imiş.
Ermənistan da Vaşinqtonun ümidlərini hələ ki, doğrultmur.
Baş nazir Nikol Paşinyanın bütün çıxışlarına və anti-Rusiya ritorikasına rəğmən, Ermənistanın KTMT-ni, Avrasiya İqtisadi Birliyini və Avrasiya Gömrük İttifaqını tərk etmək niyyəti yoxdur.
Rusiyanın sülhməramlı kontingentini (RSK) bütünlüklə ərazisindən çıxaran Azərbaycan belə situasiyada soyuqqanlı, praqmat və rasional siyasət yürüdür.
Məhz bu səbəbdən də Vaşinqton səhvlərini etiraf etmək məcburiyyətində qalıb.