İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində tam təmirli mənzilləri vətəndaşlara təqdim edib.
Bu mənzillərin satışa çıxarılması mənzil bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımlı bildirib ki, satışa çıxarılan mənzillər daşınmaz əmlak bazarında qiymətlərə təsir etməyəcək.
"Bu günə qədər satışa çıxarılan kirayə mənzillərin sayı 4434 olub. Bu rəqəm çox azdır. Çünki tələbat satışa çıxarılan mənzillərdən dəfələrlə çoxdur. Tələb təklifi çox üstələyir. Bu layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının artırılmasına ehtiyac var."
Ekspert mənzil bazarında hazırki vəziyyətiylə bağlı da danışıb.
"Mənzil bazarında hazırda durğunluqdur. Bunun da əsas səbəbi mənzillərin qiymətinin çox bahalaşmasıdır. Hazırda paytaxtın mərkəzə yaxın yerlərində 35-40 kvadratlıq bir otaqlı mənzillərin qiyməti 100 min manata və daha baha satılır. İnsanlar ehtiyacı olsa da bu miqdarda pulu kiçik kvadratlı evlərə vermək istəmir. Durğunluqdan dolayı yayda mənzillərin qiymətinin 10%-ə qədər ucuzlaşacağı gözlənilir. Lakin payıza doğru qiymətlər dəyişə bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.