İlk növbədə bir fakta diqqət çəkmək istəyirəm. ABŞ-ın 3 əsgərinin öldüyü, 34 əsgərinin yaralandığı hücumu edən PUA bunu həmin anda bazaya enməyə çalışan ABŞ PUA-sının kölgəsinə gizlənərək edib. Fikrimcə, bu, bəhs etdiyimiz məsələdə ən önəmli məqamlardan biridir:
Bu sözləri açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ekspert bunu 2018-ci ildə baş verən başqa bir hadisə ilə müqayisə edib:
“Eyni taktikadan İsrail də istifadə edib. Belə ki, İsrail qırıcıları 27 oktyabr 2018-ci ildə Rusiya istehsalı İL-20 təyyarəsinin kölgəsinə gizlənərək Suriyada hücum gerçəkləşdirdi. Nəticədə 15 rus əsgəri rus raketləri ilə öldürüldü və Rusiya ilə İsrail münasibətləri gərginləşdi.
Baş verən hücum ABŞ üçün son dərəcə sarsıdıcıdır. İndiyədək şiə proksilərin həyata keçirdiyi hücumların sayı 100-ü keçib və 76 ABŞ hərbçisi yaralanıb. Ancaq Suriyadan edilən hücumla ilk dəfə İordaniyanın içərisində ABŞ bazası vuruldu və belə çox itki var. Hücumun Ət-Tanf bölgəsindən edildiyi üçün buranın mövqeyindən bəhs etmək vacibdir. Əvvəllər Ət-Tanfda ABŞ nəzarətindəki bu güclər fərqli adlardan istifadə edirdi, sonra onlara “Azad Suriya Ordusu” adı verildi ( bu qrup Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”ndan fərqlidir – red). Buradakı silahlı qruplar əsasən sünni ərəblərdən təşkil olunub. Baydenin birbaşa haqq-hesab çəkəcəklərini deməsi Vaşinqtonun daha güclü şəkildə toqquşmalara girəcəyi riskini doğurur. İndiyədək yuxarıda qeyd etdiyimiz 100-dən artıq hücuma ABŞ şiddətli formada cavab verməyə, onu şişirtməyə çalışmayıb. Ən son isə İraqda Babil, Bağdadda və Suriya ilə Əl Bukamal-Əl Kaim sərhəd-keçid məntəqəsində şiə milislərini vurdu. Daha əvvəl isə Kataib Hizbullahın liderini öldürdülər. Qəzza məsələsindən öncə Rusiya-İran və ABŞ-İsrail cütlükləri arasında böyük bir didişmə var idi. Qəzza müharibəsinin başlaması ilə çox önəmli bir sualla qarşı-qarşıya qaldıq: Yaxın Şərqdə İran və İsrail, eyni zamanda ABŞ arasında balans necə qurulacaq? Hazırda ortada yeni balansın müəyyən olunması üçün aparılan böyük bir mübarizə var. İsrail bütün hallarda Hizbullah və İran üzərində təzyiqi artırır. Yəni məqsəd öz mövqeləri ilə birlikdə ABŞ-ın mövqelərinin də vurulmasına nail olmaqdır. Çünki Vaşinqtonun prosesə daha çox daxil olmasını istəyirlər. Son İordaniya hücumunun da arxasındakı məqsəd budur”.
Ağar son hücuma cavab kimi ABŞ-ın qarşısındakı variantlardan bəhs edib:
“ABŞ-ın İranın proksiləri ilə mübarizəyə davam edəcəyi, yoxsa birbaşa İranı vuracağı haqqında sualın cavabı hələ də dəqiq verilməyib. Bayden administrasiyasının qarşısında dörd seçim var: birincisi, daha öncə liderini öldürdükləri İraq mənşəli Kataib Hizbullahı vurmaq. Çünki son hücumun onlar tərəfindən qisas məqsədilə törədilməsi mümkündür; ikincisi, indiyə kimi hücum edən bütün İran proksilərinin hamısını eyni anda və sistemli şəkildə vurmaq; üçüncüsü, proksiləri idarə edən Qüds briqadalarını və liderlərini vurmaq; dördüncüsü isə İran içərisindəki hədəfləri vurmaq, yaxud variantların bir neçəsini eyni vaxtda icra etmək.
Ancaq atılan addımların nə qədər çəkindirici olacağı, yaxud nəzarətsiz bir şəkildə şiddəti artıran prosesə çevrilməsi riski ilə bağlı cavabsız suallar var”.
Ekspert bölgədə yenidən məzhəb toqquşmasının alovlana biləcəyini vurğulayıb:
“İlk dəfədir ki, İran İsrailin təhrikedici hücumlarına qarşı birbaşa təsir gücünü ortaya qoyur. Yəni proksilər daxil olmadan birbaşa ordu Pakistan, Ərbil və İdlibi vurdu. Çox təhlükəli mənzərə ilə üz-üzəyik. Bölgəmizdə İranı, Hizbullahı və ya proksiləri cilovlamaq üçün sünni təməlli qrupların adı hallandırılmağa başlandı. Suriyanın Ət-Tanf bölgəsi də əsasən sünni əhalinin və qrupların yerləşdiyi ərazidir. Xatırlatmaq istəyirəm ki, İraqın işğalından sonra ABŞ-ı rahatlaşdıran məqamlar şiə-sünni məsələsi və İŞİD-in Samirə şəhərindəki İmam Mehdi türbəsini vurması oldu. Beləliklə, içəridə vətəndaş müharibəsi başladı. YPG və PKK İranla döyüşməyəcəyi açıqlamasını verdi. Bu, İŞİD-in yenidən hərəkətləndirilməsinə səbəb ola bilər. Hazırda Suriyada Əsəd rejiminin nəzarətində olan və Badiyə, Orta Çöl, Palmira, Deranı əhatə edən bölgə var. Bu ərazilərdə İŞİD-in fiziki varlığı dayandırılıb. İŞİD bu ilin başlanğıcından aktivləşib və ilk on gündə 35 hücum həyata keçirib. Hücumlar Suriyanın on dörd vilayətinin yeddisində edilib. Ötən il isə 212 hücum təşkil edib, nəticədə 502 nəfər öldürülüb. Yəni bölgədə hər zaman mövcud olan məzhəb toqquşması riski növbəti dəfə beynəlxalq və regional güclərin əlində geosiyasi mübarizə alətinə çevrilə bilər”.
Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı (Suriya ilə sərhəddə) bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34-ü yaralanıb. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.