Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur DEPUTAT:
Manşet / Siyasət / 24-01-2024, 12:58

Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur DEPUTAT:

 

 44 günlük Vətən müharibəsində, eləcə də ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində əldə etdiyimiz zəfərlər təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının tarixinə yazılan şanlı qələbədir. Lakin görünən odur ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və suverenliyini bərpa etməsi Qərbi, Amerika Birləşmiş Ştatlarını və Avropanın "erməni sevgisi"ndən əziyyət çəkən bəzi ölkələrini ciddi şəkildə narahat edib. Qələbələrimizdən sonra həmin qüvvələr bərk sarsılıblar. AŞ PA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsü də bunu deməyə tam əsas verir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, bəzi Qərb ölkələri ilə yanaşı, bəzi beynəlxalq qurumlar da Azərbaycanın əleyhinə hərəkətə keçiblər. AŞ PA isə bu baxımdan sırf ermənisifətliliyi ilə daha qabarıq formada fərqlənir. Başa düşülən odur ki, Avropanın "erməni sevgisi" virusuna yoluxan siyasətçiləri Azərbaycana təzyiq etmək üçün indi də AŞ PA qalxanından istifadə etmək istəyirlər.
Deputatın sözlərinə görə, AŞ PA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsünü irəli sürənlər bu çirkin niyyətlərini "insan hüquqları" bəhanəsi ilə pərdələməyə çalışırlar: "Amma hər kəsə gün kimi aydındır ki, bunun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Görünür, tarixi zəfərimiz Qərbin bəzi siyasətçilərində, dövlət adamlarında və beynəlxalq qurumlarında ciddi narahatlığa səbəb olub. Lakin həmrəylik nümayiş etdirərək torpaqlarını işğaldan azad edən Azərbaycan hər şəraitdə xarici hücumlara sinə gərmək gücünə də malikdir. Ona görə də Avropanın bəzi dairələrinin çirkin cəhdləri iflasa məhkumdur".
Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan üçün nəinki AŞ PA-da səsinin dondurulması, heç bu qurumun özünün belə əhəmiyyəti yoxdur: "Azərbaycan vaxtilə Qarabağ probleminin həlli ilə bağlı  Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞ PA bu illər ərzində üzvü olan bir ölkənin digər ölkəyə qarşı haqsız ədavətinə, yəni Ermənistanın Azərbaycan ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib".
Deputat yekunda bildirib ki, belə qərarların verilməsində AŞ PA nümayəndələrinin islamofob və türkofob  təfəkkürlü olmaları da xüsusi rol oynayır. Heç kimə sirr deyil ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst qüvvələr bu təşkilatdan daim ölkəmizə qarşı istifadə ediblər.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.