Məlum olduğu kimi dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfər edib.
Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Həmin gün Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə çıxış edib. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib və yenidən bu ölkəyə səfərindən məmnun olduğunu bildirdi: “Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişəm. Ondan bir ay sonra prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”-deyə dövlətimizin başçısı qeyd etdi. Prezident İlham Əliyev eyni zamanda bildirdi ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk. Dövlətimizin başçısı eyni zamanda yeni açılacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətinin Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəyinin əminliyini vurğuladı.
Prezident İlham Əliyev çıxışı zamanı Serbiya ilə münasibətlərin sağlam zəmin, dostluq üzərində qurulduğunu və inkişaf etdiyini bildirdi. Və bu əlaqələrin bir çox sahələrdə uğurlu əməkdaşlığa zəmin yaradacağını vurğuladı.
Cənab prezidentin çıxışı zamanı səsləndirdiyi fikirlər digər tərəfdən dəyərlərə əsasən yürüdülən siyasətdən xəbər verirdi. Və bu kontekstdə baş tutan mərasimin dostluq mərasimi, strateji tərəfdaşlıq mərasimi adlandırması eyni zamanda gələcək əməkdaşlığımıza böyük töhfə verəcəyindən xəbər verir.
Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.
Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla hədəfə doğru gedirik. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bizim çox genişmiqyaslı planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.
Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Göründüyü kimi bir çox sahələrdə olduğu kimi iqtisadi sahədə də əməkdaşlığımız uğurlu strateji hədəflərə istiqamətlənib.