Xəbər lenti
Dəmir yumruq » Manşet » Arayikin son çırpınışları və ya Rusiyada ətək axtarışı - ŞƏRH
Manşet / Dünya / 8-07-2023, 11:26

Arayikin son çırpınışları və ya Rusiyada ətək axtarışı - ŞƏRH

 

Özünü Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərin “lider”i sayan Arayik Arutyunyan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edib. Məktubu erməni həyasızlığı və sırtıqlığının bariz nümunəsi saymaq olar. Axı xəritədə mövcud olmayan, heç bir dövlət tərəfindən tanınmayan qondarma və separatçı bir qurumun “rəhbər”i hansı səlahiyyətlə Rusiya prezidentinə məktub ünvanlaya bilər ki?

Həddini aşan Arutyunyan məktubda Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə maraqlanıb və mövcud olmayan “Laçın dəhlizi” ilə bağlı sual ünvanlayıb. Erməni nəşrləri iddia edirlər ki, məktub Ermənistanın baş naziri Nikol Paşinyan vasitəsilə Rusiya prezidentinə göndərilib.

Bu məqamda iki haşiyə çıxmaq yerinə düşər. Birincisi, elə bu yaxınlarda Arayikin yaxın çevrəsi Paşinyanla rabitənin olmaması, Ermənistan parlamentinin sədri Alen Simonyanın Qarabağdakı separatçı rejimlə əlaqə saxlamaması barədə ah-vayla dolu bir “bəyanat” səsləndirmişdi. Amma dərhal da rəsmi İrəvan bu bəyanatı təkzib etmişdi. Buradan da görünür ki, son dövrlər Paşinyanla Arayikin arası kifayət qədər sərinləyib. Bu, erməni baş nazirin bir sıra bəyanatlarından da açıq-aşkar hiss olunur.

Paşinyan dəfələrlə açıqlama verərək Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını, dialoqun vacibliyini qeyd edib. Bununla da Paşinyan Arayikə “Azərbaycan nə desə, elə olacaq. Mənlik bir şey yoxdur” mesajını vermiş olub. Qısacası, Paşinyan Qarabağ ermənilərinə Azərbaycanla danışıqlar aparmaq üçün təzyiq edir. Çünki erməni baş nazir yeganə çıxış yolunun dialoq və inteqrasiyadan keçdiyini gözəl anlayır və bunu Qarabağdakı ermənilərə də dolayı yollarla izah etməyə çalışır.

Arutyunyanın isə bu məsələdə müəyyən qorxuları var. Çünki Paşinyanın onun əleyhinə kampaniyaya başlayacağından qorxur. Bu kampaniya isə 2020-ci il müharibəsi ilə bağlıdır. Artıq Ermənistanda müharibəni araşdıran komissiyaya Arutyunyanın dəvət edilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu isə Paşinyanın Arutyunyana “dediklərimə əməl et, yoxsa səni müharibədə məğlubiyyətin əsas fiqurlarından biri elan edəcəyəm” mesajıdır.

İkincisi, Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələ Üçtərəfli Bəyanatda qeyd edilib. Bu, Azərbaycan və Ermənistanın həll edəcəyi məsələdir. Yəni Rusiya sülhməramlılarının növbəti beşillikdə fəaliyyətinə Bakıda və İrəvanda qərar veriləcək.

Bununla yanaşı, erməni KİV-ində tirajlanan məqalələrdən də məlum olur ki, Qarabağ erməniləri bu söhbətlərdən doymuş vəziyyətdədirlər. Artıq Arayik əleyhinə fikirlər səsləndirilir, onun səhv yol tutduğu qeyd edilir. Eyni zamanda, Samvel Babayan da Azərbaycanla birbaşa danışıqlardan başqa yol olmadığını qeyd edir. Samvelin isə Qarabağ erməniləri arasında kifayət qədər nüfuzu var.

İrəvan dayağını da itirən Arayik dalana dirəndiyini anladığı üçün öz aləmində “başqa çıxış yolları”na baş vurur. Bu isə tələyə düşmüş siçanın vurnuxmağından başqa bir şey deyil.

Amma Arayikin Putinə ünvanladığı məktubun Rusiya siyasi dairələrində qəbul edilmədiyi, heç bir cavab verilməyəcəyini elə bu həftə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova diplomatik dillə açıqlayıb. Jurnalistin mövzu ilə bağlı sualına Zaxarova “Bilirsiniz, mən sizin qeyd etdiyiniz bəyanatlarla da, qeyd etdiyiniz vəzifələrlə də tanış deyiləm, ona görə də şərh vermək fikrində deyiləm. Laçın yolunun marşrutunun dəyişdirilməsinə gəlincə, dəyişikliklər üçtərəfli razılaşma nəticəsində baş verib. Ona görə də bu məsələ ilə bağlı razılaşdırılmamış hərəkətdən və ya üçlüyün bir-iki ölkəsinin rəyini nəzərə almamaqdan danışmaq düzgün deyil” açıqlaması ilə cavab verib. Buradan da məlum olur ki, nə Rusiya Prezident Administrasiyası, nə də Rusiya XİN Arayikin məktubu ilə maraqlanıb. Hər halda Rusiya siyasi elitası belə bir məktuba nəinki cavabın, hətta adının hallandırılmasının həm beynəlxalq hüquq və normalara zidd olduğunu, həm də belə bir addımın rəsmi Bakının kəskin reaksiyasına səbəb olacağını gözəl bilir. Eyni zamanda, Zaxarova açıq-aşkar bildirib ki, məsələlər Üçtərəfli Bəyanatla tənzimlənir: Rusiya, Azərbaycan və Ermənistan. Arayik kimi separatçı qurum rəhbərlərinin açıqlaması, bəyanatı, yalvarışı nəzərə alınmır və ciddi qəbul edilmir.

Məsələlər bununla da bitmir. Bir neçə gün əvvəl ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinin “Vaşinqton hesab edir ki, Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan daxilində təmin oluna bilər” açıqlaması da Ermənistanda zəlzələ effektinə səbəb olub. İki cümləlik bir açıqlama erməni siyasi arenasına bomba kimi düşüb və “pəpə” deyəndən məmə yeyənə qədər hamı bu açıqlamaya “cavab verib”. Hətta hazırda həbsdə olan Armen Aşotyan da ABŞ səfirinə məktub ünvanlayıb. Okeanın o tayında yaşayan və siyasi meyit sayılan, Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan da dilə gələrək ABŞ səfirinin bəyanatı ilə bağlı bir sıra açıqlamalar verib. Səfirin açıqlaması açıq-aşkar Qarabağın Azərbaycanın bir hissəsi kimi Vaşinqton tərəfindən tanınması, Qarabağda yaşayan ermənilərə Azərbaycanın təklif etdiyi hüquq və təhlükəsizlik qarantını qəbul etdiyi mənasını verir.

Azərbaycanın Qarabağ məsələsində mövqeyi açıq-aşkar məlumdur: yerli erməniləri öz vətəndaşı kimi qəbul etməyə, istənilən Azərbaycan vətəndaşına verilən hüquqlarla təmin etməyə hazırdır. Heç bir özəl statusdan söhbət belə gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə dəfələrlə açıqlama verərək Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından başqa yollarının olmadığını bildirib. Fevral ayında Münhen görüşündə çıxış edən İlham Əliyev bildirmişdi ki, Bakı Qarabağda doğulub orada yaşayan erməni cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparır. Ölkə rəhbərinin bu bəyanatı danışıqlarda iştirak etmək istəyən erməni separatçıları üçün bir siqnaldır. Yəni nə Rusiyadan, nə Ermənistandan, nə də digər dövlətlərdən Qarabağa “ixrac edilən” ermənilərlə heç bir danışıq aparılmayacaq.

Bununla yanaşı, rəsmi Bakı Qarabağ ermənilərinin nümayəndələrini dəfələrlə paytaxta, danışıqlar aparmaq üçün dəvət edib. Qarabağ erməniləri adından Bakı ilə danışıqları kim aparacaq? Əsas məsələlərdən də biri budur. Çünki rəsmi Bakı heç bir separatçı qurumla danışıqlara getməyəcəyini açıq-aşkar rəsmi şəkildə bəyan edib. Eyni zamanda, 2020-ci il müharibəsindəki hərbi cinayətlərinə görə Arayik Arutyunyan başda olmaqla, separatçı qurumun bir sıra “rəsmi”ləri Bakı tərəfindən cinayətkar kimi qəbul edilir. Rəsmi dövlətin cinayətkarla danışıqlar aparmasını düşünmək, sadəcə, erməni təxəyyülünün məhsulu ola bilər. Əgər belə olmasaydı, Arayik Arutyunyan “əgər Rusiya vasitəçi rolunu öz üzərinə götürsə, Bakı ilə danışıqlara hazırıq” bəyanatını səsləndirməzdi.

Birincisi, rəsmi Bakının Arayiklə danışıq aparmaq istəyi yoxdur. Bu, dəfələrlə rəsmi şəkildə bəyan edilib. İkincisi, Arayik Arutyunyanın danışıqlar üçün şərt qoşmaq üçün heç bir səlahiyyəti yoxdur. Üçüncüsü, Qarabağ bütün dünya tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınıb. Hətta Ermənistanın rəsmi qurumları da dəfələrlə bu bəyanatı səsləndiriblər. Bu isə o deməkdir ki, Qarabağda yaşayan ermənilərin taleyi və hüquqları birbaşa Azərbaycan hökumətindən asılıdır və ən əsası, bu məsələ Azərbaycanın daxili məsələsidir. Heç bir kənar dövlətin müdaxiləsinə nə icazə veriləcək, nə də belə bir şey mümkün olacaq.

Arayik isə bu bəyanatı ilə ABŞ-dən küsdüyünü, son ümid yerinin Rusiya olduğunu bir daha açıq şəkildə bəyan edir. Çünki ABŞ-nin rəsmi mövqeyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası və Bakının onların hüquq və təhlükəsizliklərini qoruyacağına əminlikdən ibarətdir. Belə bir halda dalana dirənən Arayik yenidən xam xülyaya qapılaraq Rusiyaya üz tutub. Putinə məktub, ardınca isə belə bir açıqlama onun son çırpınışlarıdır. Amma Arayikin unutduğu bir məsələ var: Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Onu nə Arayik kimilərin, nə də onun havadarlarının istəyi həll edir. Bu məsələdə son sözü Azərbaycanın rəsmi hakimiyyəti deyir və deyəcək. Arayik və onun quldur dəstəsi bu gedişlə yapışmağa ətək də tapa bilməyəcəklər.

“Report” İnformasiya Agentliyi


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.