Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycanın beynəlxalq arenada mövqeyi nüfuzlu dünya dövlətləri ilə ikitərəfli münasibətləri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin iqtisadi potensialı, qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol, geosiyasi mövqeyi Azərbaycanı dünyada maraqlı tərəfdaş ölkəyə çevirib.
Bu gün Azərbaycanın öz münasibətlərini uğurla inkişaf etdirdiyi ölkələrdən biri də Tacikistandır. Qeyd edək ki, hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuş və məhz həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.
Ölkələrimiz arasında diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, hümanitar və digər sahələrdə münasibətlər birləşdirir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Və sözsüz ki, cənab Prezidentin cari ilin 5 aprel tarixində Tacikistan respublikasına dövlət səfəri bu inkişafın və ölkələrimiz arasında əlaqələrin daha da yüksəlişinə güclü təkan verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ilə Tacikistan arasında səmimi münasibətlərin formalaşması hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, iki ölkənin liderlərinin gərgin səyləri nəticəsində mümkün olmuşdur. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Tacikistanın paytaxtı Düşənbə şəhərində mətbuata bəyanatla çıxış edərkən bu məqamı xüsusi qeyd etmişlər. Prezident İlham Əliyevin vurğuladığı kimi 1990-cı illərin əvvəllərində hər iki ölkə böyük çətinliklərlə üzləşmişdir, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdur, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir. Vətəndaş müharibəsini qardaş qırğını və müharibələrin ən dəhşətlisi kimi xarakterizə edən Prezident İlham Əliyev o dövrdə Tacikistanda Prezident Rəhmonun, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdiklərini və məqsədlərinə nail olduqlarını diqqətə çatdırdı. Cənab prezident çıxışı əsnasında bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit dövlətlər olduğunu qeyd edərək, məhz bu göstəricinin inkişafın və təhlükəsizliyin əsasında durduğunu vurğuladı. Və sözsüz ki, dövlət başçısının qeyd etdiyi kimi ictimai-siyasi sabitliyi olmayan heç bir ölkəyə nə investisiyaların yatırılması, nə də bu ölkədə tərəqqi və insanların rahatlığının bərqərar olması mümkün deyil. Bu sabitliyə isə yalnız öz xalqının milli maraqlarına əsaslanan siyasət yürüdən liderlər nail ola bilərlər. Elə bu baxımdan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən çətin və ən ağır şəraitdə qədəm qoymuş Tacikistan və Azərbaycan bu günkü uğurlu inkişaflarına bunun arxasında duran böyük liderlərin gərgin əməyi sayəsində nail olublar.
Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla yanaşı, həm də bu günə qədər olan nailiyyətləri bir qədər də yüksəltmiş oldu. Cənab prezidentin məlum səfəri tam əminliklə deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da şaxələnəcək və daha yüksək dinamika ilə inkişaf edəcəkdir. Səfər çərçivəsində imzalanan sənədlər və səsləndirilən bəyanatlar onu göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edəcəkdir.