Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Son vaxtlar xüsusən də rəsmi Bakının beynəlxalq aləmdə nüfuzunu təsdiqləyən tədbirlər bütün bunların real təzahürüdür.
Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Təbii ki, bu ehtiram və etimadın davamı olaraq ölkəmiz təkcə regionda yox, qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir. Digər tərəfdən isə Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Bütün bu faktorlar isə dövlətimizin gücünün və qüdrətinin təsdiqidir. Bu baxımdan prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri dövlətimizin həm iqtisadi, həm siyasi, həm də beynəlxalq qüdrətinin növbəti nümayişi idi.
Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan bir-birini başa düşən, sağlam və rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Sözsüz ki, bu münasibətlərin təməlində, indiki arzuolunan səviyyəyə qalxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Belə ki, Ulu Öndərin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı ölkələr arasındaki əməkdaşlıq geniş şəkildə müzakirə mövzusu olmuş, bundan sonra müdafiə, siyasi, terrorizmə qarşı mübarizə və digər sahələrdə uğurlu əməkdaşlığın əsası qoyulmuşdur.
Səfər çərçivəsində Cənab Prezidentin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olduqca maraqlı məqamlarla diqqəti çəkdi. 30-a yaxın almaniyalı iş adamı ilə davam edən görüşdə respublikamızda iqtisadiyyatın, onun imkanlarının, habelə ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təşviqi uğurlu tarixi hadisə olaraq yadda qaldı.
Prezident İlham Əliyevin mart ayının 13-14-də Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya prezidenti və Kansleri ilə keçirdiyi görüşlərdə müzakirə olunan əsas məqamlardan birinin məhz Ermənistan-Azərbaycan münasibətləri mövzusu Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması proseslərində Almaniyanın da maraqlı olduğunu təsdiqlədi.
Ölkəmizdə hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Avropanın seçiminə təsir edən amillərdəndir. Bütün bunlar Azərbaycanı Avropa İttifaqı üçün əsl etibarlı tərəfdaşa çevirib. Burada ən vacib amil ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması da əlbəttə ki, Avropa ölkələrinin, o cümlədən Almaniyanın maraqlarına cavab verən məqamdır. Bu gün Avropada Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrin sayının getdikcə artmasını şərtləndirən bir neçə mühüm amil mövcuddur ki, onların da ən əsası prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünülmüş, praqmatik xarici siyasət strategiyasıdır. Təbii ki, ölkəmizin zəngin təbii sərvətləri və ilk növbədə enerji resursları Avropa üçün çox cəlbedicidir. Xüsusən də bu gün, köhnə qitə əsl enerji böhranı təhdidi altında olduğu bir vaxtda Azərbaycanın potensialı diqqətləri ölkəmizə çəkməyə bilməz.
Prezident İlham Əliyevin bir dövlət başçısı və siyasi xadim olaraq şəxsi keyfiyyətləri ölkəmizin ən mötəbər beynəlxalq platformalarda öz prinsipial mövqelərini qoruya bilməsində müstəsna rol oynayır. Cənab prezidentin Almaniyaya son səfəri zamanı biz bir daha bütün bunların şahidi olduq.
Ölkə başçısının çıxışında diqqəti çəkən ən vacib məsələlərdən biri Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı toxunduğu məqamlar idi. Cənab prezident çıxışı əsnasında dövlətimiz tərəfindən müəyyən olunmuş nümayəndənin martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşdüyünü, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağ erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunduğunu diqqətə çatdırdı və bu məsələnin sırf ölkəmizin daxili işi olduğunun və bunun nə Ermənistanla, nə də heç bir başqa ölkə və ya beynəlxalq təşkilatla müzakirə edilməyəcəyini bəyan etmiş oldu.
Həmçinin cənab prezident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşınmalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi və separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu, separatist meyillərə münasibətdə vahid mövqeyin nümayiş etdirilməsinin vacibliyini vurğuladı.
Beləliklə, Cənab Prezidentin Almaniyaya səfəri və keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq miqyasda siyasi və iqtisadi qüdrətinin növbəti nümayişi idi. Bir sözlə, ölkə başçısının son səfəri regional güc olan Azərbaycanın dünyanın aparıcı ölkəsi kimi siyasi proseslərdə fəal iştirakının təsdiqi kimi qəbul olunmalıdır.