Dəmir yumruq » İqtisadiyyat » Heydər Əliyev Azərbaycan iqtisadiyyatını necə inkişaf etdirdi?
İqtisadiyyat / Bugün, 07:34

Heydər Əliyev Azərbaycan iqtisadiyyatını necə inkişaf etdirdi?

 

Bu gün Azərbaycan xalqının və dövlətinin tarixində, istər keçmiş sovet dönəmində, istərsə də Azərbaycanın XX əsrdə ikinci müstəqilliyi dönəmində böyük xidmətləri olan dahi şəxsiyyət, müdrik dövlət və siyasət xadimi Heydər Əliyevin anım günüdür. 1993 və 1998-ci illərdə Azərbaycan xalqının əksəriyyətinin dəstəyi ilə ölkə prezidenti seçilən ümummilli lider bu dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyin itirilməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb. Ulu öndər 2003-cü il dekabr ayının 12-də uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Ulu öndərin Azərbaycan iqtisadiyyatını inkişaf etdirməsi ilə bağlı fikirlərini Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili bildirib ki, biz təkcə tarixi bir şəxsiyyətin fəaliyyətini deyil, müasir dövlətçilik modelimizin iqtisadi dayaqlarını da xatırlayırıq:

Heydər Əliyev Azərbaycan iqtisadiyyatını necə inkişaf etdirdi?

"Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanın müstəqilliyinin real məzmunla doldurulmasına, siyasi suverenliyin iqtisadi suverenliklə möhkəmləndirilməsinə xidmət edən sistemli bir yanaşma idi. 1990-cı illərin əvvəllərində ölkəmiz ağır sosial-iqtisadi böhran, idarəetmə boşluğu, istehsalın kəskin azalması və təhlükəsizlik riskləri ilə üz-üzə idi. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə iqtisadi sabitliyin bərpası dövlət quruculuğunun əsas prioritetinə çevrildi. İlk növbədə makroiqtisadi stabillik təmin olundu, qanunvericilik və institusional islahatlara başlanıldı, dövlət idarəetməsi və iqtisadi qərarvermə mexanizmləri yenidən quruldu".

"Ümummilli liderin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması oldu. "Əsrin müqaviləsi" ilə Azərbaycan beynəlxalq enerji bazarına etibarlı tərəfdaş kimi daxil oldu və ölkəyə böyük həcmdə sərmayə axını başladı. Bu, yalnız neft sektorunun inkişafı deyil, bütövlükdə iqtisadiyyatın canlanması, yeni infrastruktur layihələri, məşğulluğun artması və sosial sahənin maliyyə əsaslarının güclənməsi demək idi. Heydər Əliyev enerji resurslarını tək məqsəd kimi deyil, modern iqtisadiyyatın qurulması üçün vasitə kimi görürdü", - deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, onun iqtisadi kursunun başqa bir vacib xətti regionların inkişafı, ölkədaxili inteqrasiyanın möhkəmlənməsi və sosial ədalətin təmin edilməsi idi:

"Dövlətin iqtisadi rolunun səmərəli qurulması, bazar prinsiplərinə keçidin mərhələli şəkildə həyata keçirilməsi, sahibkarlığın təşviqi və strateji sektorların qorunması balansı Heydər Əliyev məktəbinin əsas xüsusiyyətlərindəndir. Bu gün Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, enerji və nəqliyyat layihələri üzrə beynəlxalq çəkisi, regional liderlik iddiası və modernləşmə gündəliyi məhz həmin strateji təməllər üzərində yüksəlir. Heydər Əliyevin qurduğu iqtisadi idarəetmə fəlsəfəsi uzunmüddətli baxışa, milli maraqların üstünlüyünə və dövlətin inkişaf missiyasına söykənirdi".

"Nəticə etibarilə, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi ən böyük töhfə təkcə konkret layihələr və müqavilələr deyil, milli inkişaf konsepsiyası, sabitlik və gələcək nəsillər üçün işlək dövlət-iqtisadiyyat modelidir. Bu model bu gün də ölkəmizin tərəqqisinin ideya və strateji istinad nöqtəsi olaraq qalır", - parlamentari fikrini yekunlaşdırıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.