Futbolda bəzən elə oyunlar olur ki, nəticədən çox verdiyi mesajla diqqət çəkir. “Qarabağ” – “Turan Tovuz” qarşılaşması da məhz belə oyunlardan idi. Unutmayaq ki, cari mövsümün "gümüş"ü Avropa Liqasına vəsiqə verə bilər. Elə sözügedən oyunda da Tovuz təmsilçisinin bu ümidlə "Qarabağ"dan qızıl qiymətində üç xal "qoparmaq" üçün vuruşacağına şübhə yox idi.
Di gəl ki...
Bu matçda 3 xal ən çox kimə lazım idi? Kağız üzərində cavab sadədir: “Turan Tovuz”a. Çünki üçüncü yer demək olar cibdə idi, ikinci pillə isə hələ də əlçatan görünürdü. Sadəcə bir şərtlə — risk edilsəydi...
Amma meydanda gördüyümüz nə oldu?
Kurban Berdiyev yenə öz yolunu seçdi. Dəyişmədi. Risk etmədi. Tovuz avtovağzalında olan bütün avtobusları gətirib komandasının cərimə meydançasına düzdü. Ultramüdafiə, proqmatik futbol və “təki uduzmayım” fəlsəfəsi…
Bəli, etiraf etmək lazımdır ki, “Turan Tovuz” bu mövsüm əldə etdiyi nəticəni məhz bu yanaşma ilə qazandı. Bu, faktdır. Amma sual başqadır: itirəcək heç nə qalmayanda belə, bu qədər qorxaq qalmaq nədir?
Futbol təkcə nəticə deyil. Futbol həm də iddiadır. Mesajdır. Ambisiyadır.
Sən Avropa Liqasının bir addımlığında da risk etmirsənsə, bəs nə vaxt edəcəksən?
Burada artıq söhbət taktika yox, limit məsələsinə çevrilir. Bəlkə də Kurban Berdiyevin edə biləcəyi maksimum budur. Bəlkə də bu yanaşma ilə alınan üçüncülük onun tavan nöqtəsidir.
Və ən maraqlısı: gələn mövsüm bu “rahatlıq zonası” olmayacaq.
Samir Abbasov vaxtilə “Sumqayıt”ın Avropaya çıxışını şərh edərkən təqribən belə fikir səsləndirmişdi: “Digər komandaların zəifliyi bizi Avropaya çıxardı”.
Bu cümlə bu gün “Turan Tovuz” üçün də keçərlidir.
Gələn il nə “Neftçi”, nə də “Zirə” eyni səviyyədə qalacaq. Bu qədər boşluq, bu qədər komfort olmayacaq. Və o zaman ultramüdafiə səni hara qədər aparacaq, "tovariş" Berdiyev?
"Zirə" ilə kubok oyununda Ehtiram Quliyevin haqlı iradları, emosional tərzinə görə bumeranq effekti yaratdı. Tovuzlu iş adamı həqiqətən futbolu sevən və ən əsası el-obasında bu idman növünün inkişafına, klubun uğurlarına ciddi yatırım edən yeganə insandı. Buna görə də emosionallığı başa düşüləndi.
Amma..
Hakimlərin oturub-qalxmasına, suyu necə içməsinə, az qala atestat qiymətinə qədər irad tutan Ehtiram bəyin Kurban Berdiyevi də qarşısında otuzdurmağın, lap istəsə .... ayaq üstə saxlayıb hesabat tələb etməyin zamanıdır.
Artıq sualların vaxtıdır. Amma bu dəfə yalnız formal suallar yox, cavab tələb edən suallar.
Kurban Berdiyev, siz nə istəyirsiniz?
Komandanız demək olar ki, Konfrans Liqasına vəsiqəni təmin edib. Üçüncü yer cibinizdədir. Qarşınızda isə daha böyük qapı var — Avroliqa. Və siz bu qapını döymək əvəzinə, arxasında gizlənməyi seçirsiniz?
Niyə?
Bu komanda hücum etməyi bacarmır, yoxsa siz buna icazə vermirsiniz?
Bu oyunçular risk edə bilmir, yoxsa siz onları qorxudursunuz?
Futbolçular irəli getmək istəyir, yoxsa sizin sistem onları yerində saxlayır?
Məsələ “itirməmək”dirsə, siz artıq qazanmaqdan imtina etmisiniz.
Məsələ “bacarmamaq”dırsa, o zaman sual daha ağırdır: bəlkə siz bu səviyyə üçün artıq yetərli deyilsiniz?
Çünki böyük oyunlar böyük cəsarət tələb edir.
Və siz bu oyunda cəsarəti yox, qorxunu seçdiniz.
Əli Sahib