Dəmir yumruq » Dünya » Trampın ŞOK planı: Tayvan "qurban" verilir?
Dünya / Bugün, 11:17

Trampın ŞOK planı: Tayvan "qurban" verilir?

ABŞ Prezidenti Donald Trampın mart ayında Çinə nəzərdə tutulan, lakin təxirə salınan səfərinin bu ayın ortalarında reallaşması gözlənilir. Lakin Ağ Ev tərəfindən hələ də rəsmi təsdiqin gəlməməsi diplomatik kulislərdə müxtəlif suallar yaradır. Bu səfərin arxa planında duran iqtisadi və siyasi amillər həm Vaşinqton, həm də Pekin üçün həlledici əhəmiyyət kəsb edir.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, səfərin gecikməsinin və yaranan gərginliyin bir neçə ciddi səbəbi var: "Birincisi, İranla bağlı yaranan gərginlik ABŞ-la Çin arasında fikir ixtilafını dərinləşdirib. ABŞ-ın hazırda Hörmüz boğazını faktiki mühasirədə saxlaması Çinin iqtisadi gücünə birbaşa mənfi təsir göstərib. Çin enerji ehtiyaclarını ödəmək üçün artıq İrandan ucuz neft ala bilmir. İkincisi, Donald Tramp Tayvan mövzusunu Pekində müzakirə predmetinə çevirmək istəmir. Halbuki, Çin lideri Si Cinpin ABŞ-ın Tayvana hərbi dəstəyini dayandırmağı Trampdan kəskin şəkildə tələb etməyi planlaşdırır. 'Röyters' agentliyinin məlumatına görə, Pekin Tayvan mövzusunu mütləq şəkildə Vaşinqtonla sövdələşmə masasına gətirməyə çalışır. Bu vəziyyət 23 milyonluq Tayvanda ciddi təşviş yaradıb. Tayvan rəhbərliyi ehtiyat edir ki, Tramp iqtisadi zəmində, xüsusən də mülki təyyarələrin və kənd təsərrüfatı məhsullarının Çinə satılmasıyla bağlı böyük sazişlər əldə edərsə, ABŞ ada dövlətinə verdiyi dəstəyi azalda bilər. Pekin əmin olmaq istəyir ki, gələcəkdə hərbi və ya 'yumşaq güc' yoluyla Tayvanı özünə birləşdirərsə, Vaşinqton buna ciddi maneə yaratmayacaq".

Politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Pekinin bu iddialarına qarşı hələ ki səssizliyini qoruyur: "Bunun səbəbi ABŞ-ın rəsmi olaraq 'vahid Çin' siyasətinə sadiq olduğunu bəyan etməsidir. Yəni rəsmi Vaşinqton Tayvanı Çin ərazisi kimi tanısa da, eyni zamanda adanın özünü müdafiə hüququnu da dəstəkləyir. Bu iki ziddiyyətli yanaşma vəziyyəti daha da qəlizləşdirir. Unutmaq olmaz ki, Tayvan qlobal yarımkeçirici sənayesinin ürəyidir və ABŞ-da milyardlarla dollar yatırımları var. Tayvanın Çinə birləşməsi bu nəhəng kapitalın taleyini sual altına qoyur.

Maraqlıdır ki, Tramp administrasiyası özündən əvvəlki Cozef Bayden dövründən daha çox Tayvana silah satsa da, bu, rəsmi Taypeyi sakitləşdirməyə yetmir. Üstəlik, Tayvan prezidenti Uilyam Lainin Esvatini kralı Msvati III ilə görüşü Pekini hiddətləndirib. Pekin hər nə qədər diplomatik blokada tətbiq etsə də — hazırda Tayvanı cəmi 12 dövlət tanıyır — ada rəhbərliyi dünya ilə əlaqə qurmaq haqqını müdafiə edir. Lakin Trampın Pekin səfəri bu kövrək tarazlığı tamamilə dəyişə bilər".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.