Dəmir yumruq » Hadisə » Göyçayın fəxri, Qubadlı fatehi – polkovnik-leytenant Vidadi Xəlilovun bu gün ildönümüdür
Hadisə / Bugün, 06:29

Göyçayın fəxri, Qubadlı fatehi – polkovnik-leytenant Vidadi Xəlilovun bu gün ildönümüdür

Vətən tarixinin qəhrəmanlıq səhifələrinə adını qanı ilə yazan igid oğullar heç vaxt unudulmur. Onların həyat yolu, hərbi şücaəti, Vətənə sədaqəti gələcək nəsillər üçün əsl örnəkdir. Belə qəhrəmanlarımızdan biri də Göyçayın yetirməsi, Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsinin iştirakçısı və şəhid Vidadi Xəlilovdur.
 
Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. 1989-cu ildə Göyçay rayonunun akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub və 1999-cu ilədək burada təhsil alıb. Elə uşaqlıq illərindən hərb sənətinə maraq göstərən Vidadi 1999-cu ildə yüksək nəticələrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub.
2003-cü ildə həmin təhsil müəssisəsini motoatıcı ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. 2003–2004-cü illərdə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə göndərilib.
 
Hərbi xidmətə motoatıcı tağım komandiri kimi başlayan Vidadi Xəlilov öz peşəkarlığı, intizamı və təşkilatçılıq bacarığı ilə seçilib. 2014-cü ildə xidmət etdiyi hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 2019-cu ildə polkovnik-leytenant hərbi rütbəsi alaraq həmin hərbi hissənin döyüş hazırlığı rəisi vəzifəsində xidmətini davam etdirib.
O, hərbi bilik və bacarıqlarını daim təkmilləşdirərək Çin Xalq Respublikasında xüsusi təyinatlıların kursunu da müvəffəqiyyətlə başa vurub.
 
Döyüş meydanında göstərilən qəhrəmanlıq
Vidadi Xəlilovun hərbi xidmət yolu təkcə vəzifə və rütbələrlə deyil, həm də Vətən qarşısında məsuliyyət, fədakarlıq və döyüş təcrübəsi ilə yadda qalıb. O, Aprel döyüşlərində, Tovuz döyüşlərində və 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində iştirak edərək hərbi şücaət nümayiş etdirib.
 
Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib. Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün şəxsi heyətlə birlikdə ön xətdə mübarizə aparıb.
 
Xüsusilə Qubadlı istiqamətində göstərdiyi igidlik və döyüş əzmi ilə yadda qalıb. Qubadlı rayonuna daxil olan ilk hərbçilər sırasında yer alan Vidadi Xəlilovun döyüş meydanındakı xidmətləri silahdaşları tərəfindən yüksək qiymətləndirilib. Döyüş yoldaşlarının onu “Qubadlı fatehi” adlandırması da onun həmin istiqamətdə göstərdiyi qəhrəmanlığın ifadəsi idi.
Vətən uğrunda canından keçən komandir
Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov Laçın istiqamətində gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
 
O, Vətənin ərazi bütövlüyü uğrunda mübarizədə öz həyatını qurban verərək adını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdırıb. Ailəli olan şəhidimizin iki övladı yadigar qalıb.
Vidadi Xəlilov Göyçay şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Bu gün onun məzarı yalnız bir ailənin deyil, bütöv bir elin, obanın ziyarət yeridir.
Dövlət tərəfindən yüksək qiymətləndirilən qəhrəmanlıq
Vidadi Xəlilovun Vətən qarşısında xidmətləri və döyüşlərdə göstərdiyi şəxsi igidlik Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Vidadi Xəlilov ölümündən sonra aşağıdakı dövlət təltiflərinə layiq görülüb:
15 dekabr 2020-ci il – “Vətən uğrunda” medalı;
24 dekabr 2020-ci il – “Cəbrayılın azad olunmasına görə” medalı;
29 dekabr 2020-ci il – “Qubadlının azad olunmasına görə” medalı;
29 dekabr 2020-ci il – “Laçının azad olunmasına görə” medalı;
30 dekabr 2020-ci il – “Hərbi xidmətlərə görə” medalı;
24 iyun 2021-ci il – “Azərbaycan Bayrağı” ordeni.
Bu təltiflər onun Vətənə sədaqətinin, hərbi xidmətinin və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi fədakarlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
 
Unudulmayan qəhrəman – Vidadi Xəlilov
Şəhidlik zirvəsinə yüksələn insanların ömür yolu illərlə ölçülmür. Onların Vətənə bəxş etdiyi xidmətlər, xalqın yaddaşında qoyduğu iz və gələcək nəsillərə ötürdüyü qəhrəmanlıq nümunəsi ilə ölçülür.
 
Vidadi Xəlilov da hərbi formasını şərəflə daşıyan, komandir məsuliyyətini sonadək yerinə yetirən, Vətənin dar günündə ön sırada dayanan zabitlərimizdən biri oldu. O, iki övladına ata, ailəsinə əziz insan, Göyçaya isə qürur və fəxarət mənbəyi olaraq qaldı.
Bu gün Göyçay sakinləri, onun doğmaları, dostları və silahdaşları Vidadi Xəlilovun əziz xatirəsini ehtiramla yad edirlər. Onun keçdiyi həyat yolu gənc nəslə Vətən sevgisini, dövlətə sədaqəti, torpağa bağlılığı və əsl zabit şərəfini aşılayan nümunədir.
 
Şəhidlər ölməz, Vətən bölünməz! Vidadi Xəlilovun adı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
 
Anar Nağıyev, 
Hüquqşünas-jurnalist. 
Göyçay İnformasiya Agentliyi
NarTV

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.