Avropa İttifaqı nağd ödənişləri 10 min avro ilə məhdudlaşdırmağa hazırlaşır
Avropa Şurası üzv dövlətlərin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün maliyyə sisteminə sərt qaydalar gətirəcək yeni tənzimləmə ilə bağlı danışıqlarda razılaşdıqlarını açıqlayıb. Razılığa əsasən, mövcud normativ-hüquqi bazanın əhatə dairəsi genişləndiriləcək və boşluqlar aradan qaldırılacaq.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərdə maliyyə əməliyyatlarına daha sərt qaydalar tətbiq olunacaq. Cinayətkarların çirkli pulların yuyulmasını çətinləşdirmək üçün Aİ ölkələrində böyük məbləğdə nağd ödənişlər məhdudlaşdırılacaq. Belə ki, 10 min avrodan çox olan nağd ödənişlər qadağan ediləcək. Üzv dövlətlər nağd ödənişlər üçün 10 min avrodan az limit tətbiq edə biləcəklər.
Zərgərlər vasitəsilə çirkli pulların yuyulması daha da çətinləşəcək.
Aİ çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə qaydalarını bütün kriptovalyuta sənayesinə şamil edə biləcək. Kripto aktivlərin ticarəti zamanı şəxsiyyətlərin gizlədilməsi daha da çətinləşəcək. Kripto xidmət təminatçıları min avrodan çox əməliyyat keçirmiş müştərilərə lazımi araşdırma aparmalı olacaqlar.
Bu mərhələdən sonra sözügedən reqlamentin yekunlaşdırılması üçün Avropa Şurası və Avropa Parlamenti (AP) arasında danışıqlar aparılacaq.
Hər iki qurum ortaq hüquqi mətn üzərində razılaşdıqdan sonra tənzimləmə rəsmi olaraq təsdiqlənəcək və qüvvəyə minəcək.
Hazırda Aİ-nin nağd ödənişlərə heç bir məhdudiyyəti yoxdur. Bununla belə, bir çox üzv dövlətlər öz qanunlarını təyin edirlər.
Fransada 1000 avroya, İtaliya, Belçika və Portuqaliyada 3000 avroya, Polşada isə 15 000 avroya qədər nağd ödəniş edilə bilər. Bu limitlərdən yuxarı ödənişlər üçün bank sistemindən istifadə edilməlidir.
Hazırda Almaniyada nağd pul ödəmək üçün heç bir məhdudiyyət yoxdur, lakin 10 min avrodan yuxarı ödənişlər üçün şəxsiyyətin təsdiqi tələb olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin