Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib.
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sertifikatlaşdırmanı Mədəniyyət Nazirliyi təşkil edəcək.
Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla, 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılacaq. Sertifikatlaşdırma Şurasına mədəniyyət naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edəcək.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılacaq. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0( sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərməyəcək.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunacaqlar.
Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv ediləcək.