Dəmir yumruq » Cəmiyyət » Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək
Cəmiyyət / 1-07-2026, 21:05

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək

 

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı (https://president.az/az/articles/view/72776)  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır. 
 
Demiryumruq.az xəbər verir ki, Fərman özəl məktəbəqədər təhsil  müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir. 
 
Yeni modelin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən, yəni aylıq təhsil haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanmasından ibarətdir.
 
Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək. Əsas məqsəd uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və məktəbəqədər təhsilin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır. 
 
Elm və Təhsil Nazirliyi tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin icrasına başlanılıb və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq. 
 
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam (https://nk.gov.az/az/senedler/serencamlar/mektebeqeder-tehsil-sahesinde-valideyn-dovlet-ozel-9588) imzalanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.