Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Qurban Bayramınız mübarək olsun!