“Dövlətimiz insan hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl, sistemli və məqsədyönlü siyasət həyata keçirir. Son illərdə bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin artırılması mühüm nəticələr verib. İnsan alveri cinayətlərinin aşkar olunması, zərərçəkmiş şəxslərin müdafiəsi, onların reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir”.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin iclasında müzakirəyə çıxarılaraq qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”na münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub:
“Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində insan alverinə qarşı mübarizə mexanizmləri daha da gücləndirilib. Bildiyiniz kimi, insan alveri ilə mübarizədə aparılan genişmiqyaslı maarifləndirməkampaniyaları da xüsusi əhəmiyyət daşıyır. Çünki bu bəlaya qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir”.
Deputat təəssüflə bildirib ki, insan alveri və insan istismarı halları dünya miqyasında olduğu kimi, ölkəmizdə də müəyyən formada mövcuddur və yeni çağırışlarla özünü göstərir:
“Müasir texnologiyaların inkişafı, sosial şəbəkələrin geniş yayılması bu sahədə yeni risklər formalaşdırır. Bu baxımdan hesab edirəm ki, sosial şəbəkələrə, xüsusilə “TikTok” platformasına nəzarət daha da gücləndirilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən bu platformada əxlaqsızlığın təbliği, insanların mənəvi dəyərlərinə zidd davranışların nümayiş etdirilməsi və gənclərin yanlış istiqamətləndirilməsi kimi hallara rast gəlinir. Xüsusilə azyaşlıların və yeniyetmələrin bu cür zərərli paylaşımların təsiri altına düşməsi ciddi narahatlıq doğurur”.
Səbinə Salmanova qeyd edib ki, aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilir, monitorinqlər aparılır, qanunsuz fəaliyyətlə məşğul olan şəxslər məsuliyyətə cəlb olunur:
“Lakin hesab edirəm ki, sosial şəbəkələrə nəzarət daha da gücləndirilməli, cəmiyyətin mənəvi təhlükəsizliyinə təhdid yaradan hallara qarşı daha prinsipial mövqe nümayiş etdirilməlidir”.
Cavanşir ABBASLI