Dəmir yumruq » Cəmiyyət » Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO
Cəmiyyət / Bugün, 10:56

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO

 

Gəncədə yerləşən günəbaxan tumu emalı sexində irimiqyaslı yanğın baş verib.

Hadisə şəhərin Natavan qəsəbəsi ərazisində, Ə.Arazov küçəsində fəaliyyət göstərən sexdə qeydə alınıb.

Sexdə qəfil başlayan alov qısa müddətdə genişlənərək böyük sahəni əhatə edib.

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Rəsmi məlumata əsasən, yanğın nəticəsində sexin 1500 kvadratmetr sahəsi, o cümlədən avadanlıq və hazır məhsul yanıb.

Sexdə günəbaxan tumunun tezalışan məhsul olması və anbarda yağların toplanması yanğının genişlənməsinə, eləcə də söndürmə işlərində çətinliklərin yaranmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.


Məqsəd Rəhimov


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.