Dəmir yumruq » Cəmiyyət » "Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır”
Cəmiyyət / Bugün, 18:06

"Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır”

 

"Etiraf etmək lazımdır ki, bəzi hallarda peşəkar hazırlığı yetərli olmayan müəllimlər də fəaliyyət göstərirdi. Attestasiya nəticəsində onların bir qismi sistemdən kənarlaşdı, bir qismi isə hazırlaşaraq biliklərini artırdı. Bu isə ümumilikdə tədris mühitinə müsbət təsir göstərdi”. 
 
Demiryumruq.az xəbər verir ki, bu sözləri Əməkdar müəllim, xanəndəlik sənəti üzrə komissiya sədri Qəzənfər Abbasov brifinq zamanı deyib.
 
O bildirib ki, atestasiya prosesi musiqi təhsili sahəsində uzun illər yığılıb qalan problemləri üzə çıxardı:
 
“Atestasiya prosesi ilə bağlı bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Tarixə baxsaq, hələ 1930-cu illərdə savadsızlığa qarşı geniş maarifləndirmə kampaniyaları həyata keçirilirdi. O dövrdə kəndlərə gedilir, insanlara oxuma-yazma öyrədilir, əlifbanın əsasları aşılanırdı. Məqsəd cəmiyyətin ümumi savad səviyyəsini yüksəltmək idi.
 
Bu gün keçirilən attestasiya prosesini müəyyən mənada həmin təşəbbüslərin davamı kimi də qiymətləndirmək olar. Çünki burada da əsas hədəf bilik və bacarıqların artırılmasıdır. Bu proses bir çox sahələrdə, xüsusilə də musiqi təhsili sahəsində uzun illər yığılıb qalan problemləri üzə çıxardı.
 
Ən vacibi odur ki, bu proses müəllimləri hərəkətə gətirdi, onları öz üzərində işləməyə təşviq etdi. Nəticədə həm keyfiyyət artdı, həm də gələcək nəsillərə daha sağlam və peşəkar təhsil vermək üçün zəmin yarandı.
 
Attestasiya prosesi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu dəyişikliklərə qarşı çıxanlar da var. Açığı, bəzən emosional reaksiya vermək istədiyim anlar olur, amma düşünürəm ki, məsələni daha çox arqumentlərlə izah etmək daha doğrudur”. 
 
Komissiya sədri vurğulayıb ki, atestasiyadan keçməyən müəllimlər arasında ən sadə suallara belə cavab verə bilməyənlər olub:
 
“Şəxsən iştirak etdiyim hallardan birində bir müəllimə ilə qarşılaşdım. Ona kömək etmək, minimal tələbləri yerinə yetirərək mərhələni keçməsi üçün dəstək olmaq istədim. Sadə suallar verdim, istiqamət göstərdim. Lakin təəssüf ki, elementar biliklər belə yetərli deyildi. Bu isə artıq təkcə bir şəxsin problemi deyil, ümumi təhsil keyfiyyəti ilə bağlı məsələdir.
 
Burada əsas sual ortaya çıxır: belə hazırlıq səviyyəsi ilə bir müəllimin sinfə daxil olub uşaqlara dərs keçməsi nə dərəcədə doğrudur. Düşünürəm ki, bu sual hər bir valideyni və ümumilikdə cəmiyyəti düşündürməlidir.
 
Məhz buna görə də attestasiya kimi mexanizmlər vacibdir. Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır. Bu proses həm zəif tərəfləri üzə çıxarır, həm də inkişaf üçün stimul yaradır. Nəticədə isə qazanan tərəf gələcək nəsil olur”.
 
Prosesdə komissiya sədri olaraq iştirak edən Əməkdar artist Bəyimxanım Vəliyeva isə bildirib ki, attestasiya kifayət qədər şəffaf və obyektiv şəkildə təşkil olunub:
 
“Bütün mərhələlərdə nəzarət mexanizmləri qurulmuşdu, kameralar və səs yazıları vasitəsilə şəffaflıq təmin edilirdi. Hətta iştirakçılar olaraq biz də bu nəzarəti hiss edirdik.
 
Eyni zamanda çox müsbət hallarla qarşılaşdıq. Əvvəllər yaxından tanımadığımız, lakin yüksək peşəkarlıq nümayiş etdirən müəllimləri tanıdıq. Şəxsən öz təcrübəmdə deyə bilərəm ki, yüksək nəticə göstərən bəzi müəllimlərlə bağlı məktəb rəhbərliklərinə müraciətlər etdik ki, onların dərs saatları artırılsın. Çünki xüsusilə aşağı və orta siniflərdə savadlı, hazırlıqlı müəllimlərə ciddi ehtiyac var. Bu proses bizim üçün bir növ yeni kadrların kəşfi oldu və imkan daxilində onların dəyərləndirilməsinə çalışdıq”. 
 
O qeyd edib ki, bununla yanaşı, təəssüf doğuran hallar da az olmayıb:
 
“Müəllim adına yaraşmayan, peşə hazırlığı zəif olan şəxslərlə qarşılaşdıq. Onların bu prosesdən kənarlaşdırılması heç də asan qərar deyil, hər birimiz üçün müəyyən mənada ağırdır. Çünki bu insanlar illərlə çalışıblar. Lakin məsələ təkcə onların taleyi ilə bitmir, burada söhbət gələcək nəsillərin təhsilindən gedir.
 
Bəzən cəmiyyətdə belə fikirlər səslənirdi ki, guya müəllimlərə çətin suallar verilir və məqsəd onları kəsməkdir. Amma reallıq fərqlidir. Suallar ixtisas proqramına uyğun hazırlanırdı və bu, zəruri minimum bilikləri əhatə edirdi. Təəssüf ki, bəzi hallarda müəllimlər hətta öz fənlərinin əsas mövzuları ilə bağlı elementar suallara cavab verə bilmirdilər.
 
Bu isə çox ciddi məsələdir. Çünki hər bir valideyn övladının savadlı və peşəkar müəllim tərəfindən təhsil almasını istəyir. Bu baxımdan attestasiya prosesi nə qədər çətin və bəzən ağrılı olsa da, ümumilikdə təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün vacib addımdır”.
 
Komissiya sədrlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva əlavə edib ki, regionlarda yüksək səviyyədə savad verən müəllimlərimiz də var:
 
“Attestasiya prosesinin keçirilməsi ümumilikdə adekvat şəkildə qəbul olundu. Müəllim eyni zamanda psixoloq kimi də fəaliyyət göstərməlidir, çünki o, kiçik yaşlı uşaqlarla işləyir. Bu prosesdə müəllim həm də öz bilik və bacarıqlarını şagirdlərə düzgün şəkildə ötürməlidir”. 
 
Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin direktoru, komissiya sədri Könül Hüseynova bildirib ki, atestasiya prosesi zamanı onların yetişməkdə olan gənclərə hansı metodlarla dərs keçdiklərinə də şahidlik ediblər:
 
“Ürək açan nəticələr az olmadı. Bir çox müəllim açıq dərsləri və fəallığı ilə diqqət çəkdi. Bu isə onlarda özünə inamın artmasına səbəb oldu.
 
Bununla yanaşı, acınacaqlı hallarla da qarşılaşdıq. Xoşagəlməz məqamlar da diqqətdən yayınmadı. Bütün bunlar göstərir ki, bu proses mütəmadi xarakter almalı, müəllimlərin bilik və bacarıqlarının inkişafına davamlı şəkildə töhfə verməlidir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.