Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, respublika ərazisində “Təmiz Hava” aylığı başlayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də start verilən tədbir mayın 15-dək davam edəcək.
Birgə həyata keçiriləcək tədbirin əsas məqsədi atmosfer havasının çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli tullantıların minimuma endirilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və əhalinin sağlam ətraf mühitdə yaşamasına töhfə verməkdir.
Aylıq çərçivəsində yol polisi əməkdaşları tərəfindən ekoloji normalara cavab verməyən, normadan artıq tüstü və zərərli qaz buraxan nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görüləcək. Eyni zamanda, sürücülərlə maarifləndirici söhbətlər aparılacaq, nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılacaq.
“Sürücülərdən nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı, atmosfer havasının qorunmasına dəstək olmağı xahiş edir və bütün yol hərəkəti iştirakçılarını “Təmiz Hava” aylığı tədbirlərinə töhfə verməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.