Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda ard-arda təkanlar - Güclü zəlzələ olacaq?
Cəmiyyət / Bugün, 09:56

Azərbaycanda ard-arda təkanlar - Güclü zəlzələ olacaq?

 

Bir neçə gündür Azərbaycanın Xəzər dənizi ərazisində ard-arda zəlzələlər baş verir. Həmçinin bu gün səhər saatlarında da 3.1 maqnitudalı zəlzələ baş verib. Aprelin 8-dən etibarən başlayan davamlı təkanlar cəmiyyətdə müəyyən qədər narahatlığa səbəb olub. Bəziləri ard-arda baş verən təkanları ölkə ərazisinə həddindən artıq yağıntının düşməsi və nəticədə, süxurların yumşalması ilə əlaqələndirir.

Bəs təkanların artmasına səbəb nədir? Hazırki seysmik gərginlik səbəbilə Azərbaycan ərazisində güclü zəlzələ ola bilər?


 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Manset.az-a açıqlamasında bu sualları cavablandırıb:

“Yağışın zəlzələlərin artmasına heç bir təsiri ola bilməz. Çünki yağış yerüstü atmosfer tullantılarındandır. Gördüyünüz kimi, zəlzələlər 30-70 km dərinliklərdə qeydə alınır. Yəni bunun normadan artıq yağışla heç bir əlaqəsi ola bilməz. Bu təkanların səbəbi yerdaxili geodinamik proseslərdir. Hər bir blokun istiqamətləri, hərəkətləri, öz sürəti var. Xəzərin cənubunda da xüsusilə, İran blokunun təsiri böyükdür. Müəyyən bloklar arasında tektonik qırılmalar nəticəsində gərginlik toplanması gedir. Gərginlik toplanması nəticəsində aprel ayının 8-də 5.3 maqnitudalı zəlzələ ki baş verdi, demək olar ki, orada digər dərinlik qırılmaları ilə əlaqədar bütün laylar dəstəsinin hamısında hərəkətləri oyatdı və hazırda da davam edir. Bu da hazırda həmin o orta güclü zəlzələnin afterşoklarıdır”.

Qurban Yetirmişli qeyd edib ki, bu cür təkanlar bir müddət davam edəcək. Lakin Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir:

“Biz müşahidələr apararaq görürük ki, həmin ərazidə enerji hələ tam şəkildə boşalmayıb. Bu da o deməkdir ki, təkanlar hələ bir müddət davam edəcək. Zəlzələlər olacaq, amma 3-4 bal gücündə... Artıq bu 5 gün ərzində təxminən 500 kiçik təkan olub və enerji boşalmasının böyük hissəsi təmin olunub, amma hələ də yaranmış enerji gərginliyi tam şəkildə bitməyib. Əslində, bu müsbət haldır ki, yaranan gərginlik bu şəkildə kiçik təkanlarla özünü əks etdirir və daxildə gərginlik toplanması davam etmir. Bir müddət keçdikdən sonra həmin ərazi seysmik cəhətdən “foll” səviyyəsinə düşəcək. Yəni narahat olmaq üçün elə də əsas yoxdur”.

Qurban Yetirmişli son olaraq hazırda Azərbaycan ərazisində dağıdıcı, katastrofik zəlzələnin proqnozlaşdırılmadığını xüsusilə vurğulayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.