Elektron Təhlükəsizlik Xidməti tərəfindən son altı ay ərzində zərərli kontent yayan 2 mindən çox internet resursu müəyyən edilərək məhdudlaşdırılıb, 184 veb DDoS hücumu operativ şəkildə zərərsizləşdirilib və 1,5 milyondan artıq məlumat sızıntısı faktı aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Demiryumruq.az xəbər verir ki, bu fikirləri 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, bu sistemin mühüm tərkib hissələrindən biri də vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır.
“Kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, rəqəmsal mühitdə təhlükəsizlik qaydalarına əməl etmək və şəxsi məlumatlarla düzgün davranmaq istehlakçı hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda rəqəmsal inkişaf siyasəti ilə istehlakçı hüquqlarının müdafiəsi bir-biri ilə sıx bağlıdır. Şəffaf xidmətlər, etibarlı identifikasiya sistemləri, məlumat üzərində vətəndaş nəzarəti və aktiv kiber müdafiə mexanizmləri həm güclü istehlakçı mühitinin formalaşmasına, həm də daha etibarlı rəqəmsal dövlətin qurulmasına xidmət edir”.
S.Məmmədov əlavə edib ki, “myGov” platformasının İT mexanizmi vətəndaşlara dövlət və özəl xidmətlərə vahid təhlükəsiz giriş imkanı yaradır:
“Bu sistemin ayrılmaz hissəsi olan SIMA biometrik rəqəmsal identifikasiya xidmətindən artıq 4 milyondan çox vətəndaş istifadə edir. Onun sözlərinə görə, etibarlı rəqəmsal identifikasiya və məlumatların mühafizəsi mexanizmləri rəqəmsal xidmətlərin təhlükəsiz və effektiv şəkildə göstərilməsində mühüm rol oynayır”, - deyə nazir müavini qeyd edib.