Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin iyulu
müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
x x x
1 iyul - Prezident Heydər Əliyev İçkeriya Çeçen Respublikasının Prezidenti Aslan Məshədovu qəbul etdi.
2 iyul - Moskvaya rəsmi səfərə yola düşdü, həmin gün Kremldə Rusiya Federasiyasının Baş naziri V.Çernomırdinlə, xarici işlər naziri Y.Primakovla və Moskva meri Y.Lujkovla görüşdü.
3 - iyul – Moskvaya səfəri çərçivəsində Kremldə Rusiya Prezidenti Boris Yeltsinlə görüşdü, onunla birgə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləni imzaladı. Həmçinin Rusiya Federasiya Şurasının və Dövlət Dumasının sədrləri, Rusiyanın müdafiə naziri ilə görüşdü və digər görüşlər keçirdi, RF Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə Kremldə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.
4 iyul - Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri və Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşlər keçirdi. “Exo Moskvı” radiostansiyasına birbaşa efirdə müsahibə verdi.
5 iyul - Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.
8-9 iyul - NATO-nun üzvü olan ölkələrin hökumət başçılarının Madriddə keçirilən sammitində iştirak etmək üçün İspaniyada səfərdə oldu.
16 iyul - Respublikada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirdi.
Pakistan İslam Respublikasının xarici işlər naziri Gövhər Əyyub Xanı qəbul etdi.
18 iyul - ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi, Yunanıstanın müdafiə naziri Akis Tsoxadzopulos ilə görüşdü.
19 iyul - Azərbaycanda 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahatın və özəlləşdirmənin gedişi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş müşavirə keçirdi.
21 iyul - Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskini qəbul etdi.
23 iyul - Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxış etdi.
25 iyul - BMT-nin respublikamızdakı nümayəndəsi Paolo Lembonu qəbul etdi.
27 iyul - ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk dövlət səfərinə yola düşdü.
28-31 iyul – ABŞ-a səfəri çərçivəsində BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat verdi.
ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə rəsmi qəbulda çıxış etdi, Nyu-Yorkda Azərbaycan-Amerika Ticarət Palatasının və Beynəlxalq Anlaşma Təşkilatı İşgüzar Şurasının üzvləri, BMT-də akkreditə olunmuş dövlətlərin daimi nümayəndələri ilə görüşlər keçirdi.
ABŞ-ın tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə keçirilən görüşdə çıxış etdi, Corctaun Universitetinin professor-müəllim heyəti, tələbələr, Amerika ictimaiyyətinin nümayəndələri, görkəmli siyasi və dövlət xadimləri və diplomatları ilə görüşdü.
x x x
1997-ci ilin iyun-iyul aylarında Azərbaycanda təbii fəlakət baş verdi. Bir sıra bölgələrində şiddətli leysan yağışları, dolu, sel və daşqınlar nəticəsində 12 nəfər həlak oldu, yüzlərlə ev və sosial obyektlər dağıldı və ya ciddi zədələndı, kommunikasiya sistemlərinə, dövlət təsərrüfatına və əhaliyə külli miqdarda maddi ziyan dəydi. Prezident Heydər Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görürdü. İyulun 16-da bununla bağlı müşavirə keçirildi. Tədbirdə çıxış edən dövlət başçısı aidiyyəti təşkilatlara tapşırıqlar verdi. Qısa müddət ərzində görülən təcili tədbirlər nəticəsində fəlakət baş vermiş rayonlarda qəza vəziyyətinin genişlənməsinin qarşısı alındı, həyat təminatı obyektlərinin fəaliyyəti müvəqqəti sxem üzrə bərpa edildi. Bu məsələ iyulun 19-da 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirədə bir daha müzakirə olundu.
İyulun 22-də isə “Azərbaycan Respublikasının bir sıra bölgələrində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında” Prezident Sərəncamı imzalandı. Əhaliyə və ölkənin iqtisadiyyatına dəymiş ziyanın aradan qaldırılmasını təmin etmək məqsədilə dövlət büdcəsində vəsait ayrıldı. Təbii fəlakət baş vermiş rayonlarda bərpa işlərini 1997-ci ilin sonunadək başa çatdırmaq məqsədilə müvafiq proqram hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verildi.
Ulu Öndər Azərbaycanda 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahat və özəlləşdirmənin gedişi məsələlərinə həsr olunmuş müşavirədə qazanılan nailiyyətlərlə yanaşı, bu sahədə yol verilmiş nöqsanlardan danışdı, inkişafa mane olan sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarını kəskin tənqid etdi.
Sitat: Unutmamalıyıq ki, hələ nöqsanlarımız çoxdur. O cümlədən iqtisadi islahatların həyata keçirilməsində nöqsanlar çoxdur, özəlləşdirmə proqramının, torpaq islahatının, bütün başqa islahatların həyata keçirilməsində nöqsanlarımız, çatışmazlıqlarımız çoxdur. Bunu unutmamalıyıq və bu gün belə bir əhval-ruhiyyə yaranmasın ki, bizdə hər şey artıq yaxşı vəziyyətdədir. Xeyr, xeyr, indi bizim vəzifəmiz ilin ikinci yarısını daha yaxşı göstəricilərlə başa çatdırmaqdır və ili daha yüksək göstəricilərlə tamamlamaqdır. Bu, bizim əsas vəzifəmizdir. Ona görə də bir tərəfdən, əldə olunan təcrübəni daha da səmərəli tətbiq etmək, ondan istifadə etmək lazımdır. İkinci tərəfdən, mövcud olan nöqsanları aradan qaldırmaq lazımdır. Onlar isə çoxdur. Bu baxımdan, yenə də ümumiyyətlə, iqtisadiyyatda, bütün həyatımızda insanlara mane olan rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, korrupsiya, – bu hallar respublikamızda mövcuddur və heç kəs elə hesab etməsin ki, bunlar aradan qaldırılıbdır, – bunlara qarşı qanunlar vasitəsilə mübarizə, bizim dövlət prinsipləri vasitəsilə mübarizə aparılmalıdır. İnzibati orqanlar da mübarizə aparmalıdır. Ancaq dərd burasındadır ki, inzibati orqanların özünün içərisində korrupsiya, rüşvətxorluq çoxdur.
Xronologiyadan göründüyü kimi, 1997-ci ilin iyulu Prezident Heydər Əliyevin xarici ölkələrə 3 səfəri ilə əlamətdar olub. İyulun 8-9-da NATO ölkələri hökumət başçılarının Madriddə keçirilən sammitində iştirak etmək üçün İspaniyada səfəri zamanı müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlər keçirən Ulu Öndər Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişə nail oldu. Səfərin birinci günü keçirilmiş yüksək səviyyəli görüşlərin siyahısı öz-özlüyündə hər şeyi deyir: Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ukrayna Prezidenti Leonid Kuçma, NATO-nun Baş katibi Havyer Solana, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş Naziri Toni Bleyr, Fransa Prezidenti Jak Şirak, Polşa Prezidenti Aleksandr Kvasnevski, Moldova Prezidenti Petru Luçinski, Estoniya Prezidenti Lennart Meri, Almaniyanın Federal Kansleri Helmut Kol, Latviya Prezidenti Quntis Ulmanis, Litva Prezidenti Algirdas Brazauskas, Çexiya Prezidenti Vatslav Havel, Makedoniya Prezidenti Kiro Qliqorov, Rumıniya Prezidenti Emil Konstantinesku, Macarıstanın Baş naziri Dyula Horn, Sloveniyanın Baş naziri Janev Drnovçek, Bolqarıstan Prezidenti Pyotr Stoyanov və İspaniya kralı Xuan Karlos ilə görüşlər.
Səfərin ikinci günü də görüş və danışıqlar baxımından məhsuldar oldu. Heydər Əliyev ABŞ Prezidenti Bill Klinton, Dövlət katibi Madlen Olbrayt, Gürcüstan Prezidenti Eduard Şevardnadze, İtaliyanın Baş naziri Romano Prodi, Norveçin Baş naziri Turbern Yaqland, Kanadanın Baş naziri Jan Kretyen, İspaniya hökumətinin başçısı Xose Mariya Aznar, Avstriyanın Federal kansleri Viktor Klima, Belçikanın Baş naziri Jan-Lük Dean, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər və Birlik Məsələləri üzrə Dövlət katibi Robin Kuk ilə görüşdü. Həmçinin Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iclasında nitq söylədi.
Ulu Öndər ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci il iyulun 27-də Birləşmiş Ştatlara səfər etdi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş respublikanın Prezidentinin ABŞ-a səfərə dəvət olunması Heydər Əliyevə hörmət və etimadın əlaməti idi, eyni zamanda, səfər özünün zəngin proqramı ilə fərqlənirdi. Səfərin ilk günlərində Azərbaycan Prezidenti ölkəmiz, xüsusən Qarabağ həqiqətlərinin Qərb ictimaiyyətinə çatdırılması üçün yaranmış fürsətdən istifadə edərək populyar “İnstityuşnal investor” jurnalına, “Uoll Strit Cornal”, “Filadelfiya İnkuayrer” və “Cornel of Kommers” qəzetlərinə, həmçinin ABŞ Konqresinin binasında konqresdə keçirdiyi görüşlərin nəticələri haqqında jurnalistlərə müsahibələr verdi. NATO-nun Baş katibi Xavyer Solana, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Uilyam Riçardson, BMT-nin Baş katibi Kofi Annan, ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissincer, ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı rəhbərləri, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri, “BP Amerika” neft şirkətinin rəhbərləri, “British Petroleum” şirkətinin vitse-prezidenti R.Çeys, “Hallibörtn” korporasiyasının prezidenti, Amerika-Azərbaycan Ticarət Palatasının fəxri məsləhətçisi Riçard Çeyni, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nyut Qinqriç və konqresmenlər Con Bonər, Tom Delay, Kris Köks, Con Linder və digər siyasətçilərlə, rəsmilərlə görüşdü. Bu, Vaşinqtonda keçirilən görüşlərin heç də tam siyahısı deyil. Ulu Öndər hər xarici səfəri zamanı olduğu kimi, ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də görüşərək onlarla səmimi söhbət etdi. Həmçinin BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat verdi, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri ilə görüşdə nitq söylədi.
ABŞ-ın tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə keçirilən görüşdə çıxış edən Ulu Öndər Amerika-Azərbaycan münasibətlərindən, Ermənistan-Azərbaycan münaqişəsindən, Xəzər dənizinin statusu ilə bağlı ölkəmizin mövqeyindən və digər aktual məsələlərdən danışdı, vacib problemlərə toxundu.
X X X
Heydər Əliyevin ABŞ-ın tanınmış politoloqları,
siyasi xadimləri və mətbuat nümayəndələri ilə görüşdəki nitqindən
Müstəqil bir dövlət kimi Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq və ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət qurmaq üçün Amerika Birləşmiş Ştatları ilə sıx əməkdaşlığa ehtiyacı vardır.
Amerika–Azərbaycan əməkdaşlığı uğurla davam edir. İndiyə qədərki əlaqələrimizdə əldə etdiyimiz nailiyyətləri mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin yaranmasının əsasını qoya bilmişik.
Bizim iqtisadi əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir. Ancaq Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanda Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarını təmin etmək üçün respublikamızın bir çox çətin problemlərinin həllində Amerikanın yardımına ehtiyac vardır.
Bizim üçün ən mühüm problem Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi, Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz 907-ci maddənin aradan götürülməsi məsələsidir.
Xəzər dənizinin statusunun müəyyən olunmasında bu prinsipə üstünlük verilir: Xəzər dənizi qeyri-adi bir su hövzəsidir, ancaq dünyada buna bənzər göllər, su hövzələri var və onların sektorlara bölünməsi və yaxud sərhədə görə ayrı-ayrı ölkələrə mənsub olması presedenti var. Bizim fikrimiz budur və biz bu fikrimizdən dönməyəcəyik.
Ermənistanda Rusiyanın böyük hərbi hissələri, hərbi bazası var və Rusiya ilə Ermənistan arasında hərbi ittifaq var. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiyanın qoşunları mühafizə edir. Gürcüstan da belə vəziyyətdədir. Amma biz Qafqazda yeganə dövlətik ki, ölkəmizdə bir dənə də rus əsgəri yoxdur.
Belə çətin vəziyyətdə olduğumuz halda, Rusiya dəfələrlə bizə təklif edib ki, onun qoşunlarının Azərbaycanda yerləşdirilməsinə razılıq verək və onlar işğal olunmuş torpaqları azad etsinlər. Ancaq biz buna razılıq verməmişik.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladığı zaman xalq məni tələb etdi, Bakıya gəldim. O vaxtdan da Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesi ilə məşğulam.
Qafqazda Azərbaycanın tam dövlət müstəqilliyini qoruyub saxlamaq çox çətindir. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon vətəndaşımız qaçqındır, çadırlarda yaşayır. Qonşularımızdan Gürcüstanla, Türkiyə ilə çox dostuq. Ancaq çox güclü rəqiblərimiz, düşmənlərimiz var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır