Azərbaycanın gücü və nüfuzu ildən-ilə artır
Artıq yola saldığımız 2022-ci il həm regional, həm də beynəlxalq müstəvidə mühüm hadisələrlə, xüsusilə diplomatik sahədə qazandığımız uğurlarla yadda qaldı. Ötən il də ölkəmiz üçün uğurlu hesab edilməlidir. İki il əvvəl Vətən müharibəsində qazandığımız tarixi Qələbə respublikamızı qələbələrdən–qələbələrə aparır. Şanlı Qələbə ölkəmizin qarşısında geniş perspektivlər açdı və yeni reallıqlar yaratdı. Ötən il həm daxildə, həm də beynəlxalq müstəvidə görülən işlər, xüsusilə dövlətimizin başçısının keçirdiyi görüşlər, nüfuzlu tədbirlərdəki çıxışları, həmçinin xarici səfərləri zamanı imzaladıqları sənədlər ölkəmizin dünya miqyasında nüfuzunu daha da artırıb, mövqeyini möhkəmləndirib. Siyasi, iqtisadi və diplomatik sahələrdə qazanılan uğurlar qalib Azərbaycanın gücünü və reytinqini daha da artırıb. Bu da ölkəmizin strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz təsirini göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirilməsinə nail olduq. Ötən il də qarşıda duran əsas vəzifə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi idi. Çünki Vətən müharibəsinin başa çatmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanmasından hələ də yayınır. Baxmayaraq ki, bu istiqamətdə bir neçə dəfə üçtərəfli və dördtərəfli görüşlər keçirilib, hətta, bu görüşlərdə Azərbaycanın irəli sürdüyü beş baza prinsipi qəbul edilib, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasından yenə də yayınır. Halbuki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə Ermənistan rəhbərliyi də razılığını bildirib.
Ə.Bədəlov ötən ilin mühüm siyasi hadisələrindən birinin Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurası liderlərinin Çexiyanın paytaxtı Praqada baş tutmuş görüşü olduğunu bildirib. Praqada keçirilən dördtərəfli görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan siyasi şərhçi deyib ki, həmin görüşdə Ermənistanın baş naziri və onun güvəndiyi, arxalandığı, hətta Praqa görüşünə özünə arxa-dayaq kimi gətirdiyi Fransa Prezidenti Emmanuel Makron da görüşün sonunda qəbul edilən bəyanatı imzaladılar. Bununla da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən təsdiqlədilər. Həmin sənəddə birmənalı olaraq bildirilirdi ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi prosesində BMT-nin nizamnaməsi və ən başlıcası, 1991-ci il Alma–Ata bəyannaməsi əsas götürülür.
Siyasi şərhçi bu məsələlərə bir qədər ətraflı açıqlama verərək deyib ki, BMT nizamnaməsində ərazi bütövlüyü, sərhədlərin pozulması və suverenlik məsələsi qoyulub: “1991-ci il Alma-Ata bəyannaməsinə görə, MDB-ni yaradan dövlətlərin, - buraya həm Azərbaycan, həm də Ermənistan daxildir, - sərhədləri müəyyən edilərkən, keçmiş SSRİ-nin tərkibində olan sərhədlər əsas götürülür. Yəni, keçmiş SSRİ dövründə sərhədlər necə müəyyənləşdirilmişdirsə, bundan sonra da elə olacaq. Həm Emmanuel Makron, həm də Nikol Paşinyan bunu öz imzaları ilə təsdiqlədilər. Sonradan nə fikirləşdilərsə, dekabrın 7-də Brüsseldə yenidən görüşməyə cəhd etdilər. Dövlətimizin başçısı da bir daha siyasi uzaqgörənlik nümayiş etdirərək bu görüşdən imtina etdi. Çünki Fransa Prezidentinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında vasitəçilik etməsinə ehtiyac yoxdur. Dünya ictimaiyyətinə də bəllidir ki, Fransa ATƏT-in keçmiş Minsk qrupunun tərkibində olduğu müddətdə yalnız Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub. Bu gün də işğalçı ölkəyə haqq qazandırdığını gizlətmir. Makronun “France-2” telekanalına verdiyi müsahibə onun iç üzünü, riyakar siyasətini bir daha ortaya qoydu”.
Siyasi şərhçi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli" elan olunduğunu da mühüm hadisələrdən biri kimi dəyərləndirib. Bildirib ki, “Şuşa İli” çərçivəsində paytaxt Bakı və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə silsilə tədbirlər həyata keçirildi. Şuşada beynəlxalq tədbirlərin keçirilməsi bir daha dünya bəyan etdi ki, “Qarabağ Azərbaycandır!”. İlin ən mühüm hadisələrindən biri də Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsi oldu: “Xatırladım ki, ötən ilin fevral ayında əvvəlcə Azərbaycan parlamenti Şuşa Bəyannaməsini ratifikasiya etdi. İki gün sonra Türkiyə parlamenti - Türkiyə Böyük Millət Məclisi də eyni addımı atdı. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev bu sənədi təsdiqlədi”.
Ötən il qazanılan uğurların sadalanmaqla qurtarmayacağını və Azərbaycan Ordusunun qəhrəmanlığını qeyd edən siyasi şərhçi rəşadətli ordumuzun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olduğunu və həmin ərazilərə nəzarəti ələ keçirdiyini xüsusi vurğulayıb. O, bu qələbəmizin də tarixə düşdüyünü qeyd edib.
Ə.Bədəlov yaddaqalan tarixi hadisələrdən birinin də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşü olduğunu deyib. Türkmənistanda baş tutmuş görüşdə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və üç qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb. Bu görüş, eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın inkişafı istiqamətində daha bir addım oldu.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən olduğunu bir daha təsdiqlədi. Ötən il Avropa İttifaqı sədrinin Bakıya gəlməsi və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandumun imzalanması ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidir. Avropa İttifaqı ölkələri Azərbaycandan xahiş edirlər ki, onlara qaz ixracını 2 dəfə artırsınlar. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanın Avropa üçün dəyəri, qiyməti son dərəcə böyükdür. Ümumiyyətlə, ötən il də bütün sahələr üzrə qazanılan uğurlar Azərbaycanın gücünün və nüfuzunun daha da artmasında mühüm rol oynadı.