Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin martı
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
2 mart. Prezident Heydər Əliyev respublikada sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirdi.
3 mart. “Gülüstan” sarayında Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxış etdi.
5 mart. Azərbaycan milli yığma komandalarının Atlanta Yay Olimpiya Oyunlarına hazırlığına idman baxışında çıxış etdi.
7 mart. Respublikada özəlləşdirmə məsələlərinə həsr olunmuş müşavirə keçirdi.
8 mart. Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən təntənəli bayram mərasimində təbrik nitqi söylədi.
10-12 mart. BMT-nin Danimarkada keçirilən zirvə toplantısında iştirak etdi.
13 mart. Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Binə hava limanında müşavirə keçirdi.
14 mart. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi.
15 mart. Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Milli televiziya və radio ilə xalqa müraciət etdi.
16 mart. Hərbi quruculuq məsələləri ilə əlaqədar Müdafiə Nazirliyinin zabitləri ilə görüşdü.
17 mart. Dövlətçiliyin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirə keçirdi.
19 mart. Respublikada dövlət çevrilişi cəhdi ilə bağlı müşavirə keçirdi.
20 mart. Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.
X X X
1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə daha bir cəhd göstərildi. Ulu Öndər çevriliş cəhdinin qarşısını almaq üçün yubanmadan qətiyyətli addımlar atdı. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi, televiziya və radio ilə xalqa müraciət etdi, dövlətçiliyin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirələrdə aidiyyəti qurumlara təxirəsalınmaz tapşırıqlar verdi, lazım olan bütün tədbirləri gördü.
Ulu Öndərin dövlətçiliyi qorumaq əzmi martın 15-də respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar televiziya və radio ilə xalqa müraciətində özünü bariz şəkildə göstərir:
“...Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm. İstəyirəm ki, heç kim cinayət törətməsin, heç kim dövlətçiliyə xəyanət etməsin. Bunu istəyirəm, müraciət edirəm, yol göstərirəm. Yol da dediyim yoldur, başqa yol yoxdur. Güman edirəm ki, mənim bu müraciətimi Azərbaycan ictimaiyyəti qəbul edəcək, Azərbaycanın hörmətli adamları, ağsaqqalları, ağıllı adamları bugünkü müraciətimi dərk edəcək, qəbul edəcək və qiymətləndirəcəklər. Güman edirəm ki, Azərbaycan xalqı mənim səsimə səs verəcəkdir”.
Belə də oldu. Xalqın dəstəyi və həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində çox təhlükəli təxribatın qarşısı qətiyyətlə alındı, ictimai-siyasi sabitlik və konstitusion quruluş qorunub saxlanıldı.
Respublikada vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ümummilli lider Heydər Əliyev həyatın bütün sahələrini, o cümlədən idmanın inkişafını diqqətdə saxlayırdı. Hesab edirdi ki, idman fiziki sağlamlığın əsas şərtlərindən biri olmaqla bərabər, ölkəni beynəlxalq aləmdə tanıtmaq üçün də ən gözəl vasitədir.
Milli yığma komandaların 26-cı yay Olimpiya oyunlarına (Atlanta, 1996) hazırlığını nümayiş etdirmək məqsədilə Əl Oyunları sarayında keçirilən idman baxışında çıxış edən Ulu Öndər Azərbaycanı qarşıda xoşbəxt və işıqlı gələcək gözlədiyini vurğulayaraq dedi: “Bu gələcək gənclərindir, sizindir, əziz gənclərimiz! Siz müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən də hazır olmalısınız. Sağlam həyat tərzi keçirməlisiniz, sağlam olmalısınız. Ona görə də idmanla və bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bu baxımdan biz Azərbaycan Gənclər və İdman Nazirliyinin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyi məhz ona görə yaratmışıq ki, Azərbaycan gənclərinin işi ilə dövlət tərəfindən lazımi səviyyədə məşğul ola bilək və respublikamızda idman işini daha yaxşı apara bilək”.
Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi islahatlar proqramında dövlət mülkiyyətinin özəlləşdirilməsi xüsusi yer tuturdu. Martın 7-də bu məsələyə həsr olunmuş xüsusi müşavirə keçirərək, özəlləşdirmənin labüdlüyündən, mövcud nöqsanlardan və problemlərdən danışdı, həmçinin qarşıda duran vəzifələri göstərdi.
Sitat: Birinci növbədə özəlləşdirmə haqqında proqram tərtib olunmalıdır. İndiyə qədər olan proqram layihələrindən də, təqdim olunan konsepsiyadan da istifadə edilə bilər. Burada irəli sürülən təkliflərdən mütləq istifadə etmək və bunların əsasında proqram tərtib etmək lazımdır...
Müxtəlif pillələrdə, cürbəcür təbəqələrdə iqtisadiyyata rəhbərlik edən, məsul vəzifə daşıyan şəxslər təşəbbüskar olmalıdır. Hərə öz sahəsində çevik hərəkət etməli, axtarışlar aparmalıdır. Bu, yeni iqtisadi formalardan istifadə edərək, iqtisadiyyatın səmərəliliyini təmin etməlidir, istehsalı irəliyə aparmalıdır...
Gömrük rüsumları sahəsində qanun, təlimat, əsasnamə və nə lazımdırsa, tezliklə təmin etmək lazımdır. Biz burada gecikirik və çox şey itiririk.
Çox keçmədən islahatlar öz bəhrəsinin verməyə başladı və Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünün ilkin mərhələsini uğurla adladı.
X X X
Heydər Əliyevin 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətindən
• Altı ildən artıq gedən müharibədə xalqımız böyük sınaqlardan çıxmış, ağır mərhələlərdən keçmişdir. İndi də böyük bir sınaq içərisindəyik, böyük bir tarixi mərhələni yaşayırıq. Son vaxtlar, respublikamızın həyatında şübhəsiz ki, müəyyən müsbət dəyişikliklər var, bəlkə də bəzi nailiyyətlər var. Ancaq bunlar azdır. Ümumiyyətlə, respublikamız, onun iqtisadiyyatı ağır sosial böhran içərisindədir. Bir milyondan artıq qaçqın, müharibədə əlil olmuş adamlar, iqtisadi-sosial böhran nəticəsində ağır iqtisadi vəziyyətdə yaşayanlar – bunlar hamısı bizi, şəxsən bir Prezident kimi məni narahat edir, ağrıdır, eyni zamanda bütün bu problemlərin həll olunması üçün daha da ciddi fəaliyyət göstərməyə dəvət edir.
• 1995-ci ilin birinci rübü başa çatır. Bu müddətdə gördüyümüz işlər təkcə Dağlıq Qarabağ ilə, yaxud Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə, Azərbaycanın müharibə şəraitindən çıxarılması ilə əlaqədar deyildir. Hesab edirəm ki, başqa sahələrdə də bizim fəaliyyətimiz çox ciddi, çox sürətlə gedir. Mən bu ilin əvvəlində demişəm ki, 1995-ci il Azərbaycan üçün çox böyük dəyişikliklər ili olmalıdır. Biz bu il iqtisadiyyatda, dövlət quruculuğunda, cəmiyyətdə demokratik prinsiplərin hamısının tam qətiyyətlə həyata keçirilməsinə nail olmalıyıq. Dövlət quruculuğunun bütün sahələrində islahatlar keçirməli, respublikamızı demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə daha sürətlə irəli aparmalıyıq.
• Ancaq təəssüflər olsun ki, biz bütün bu çətinliklər içərisində yaşayaraq ağır problemləri həll edərkən həm xaricdən, həm də daxildən təxribatlarla rastlaşırıq. Xaricdən bizə qarşı cürbəcür təzyiqlər var. Ən böyük təzyiq ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini laxlatmaq, onu necə deyərlər, müəyyən qədər azaltmaq istəyirlər. Mən dəfələrlə demişəm və bu gün vətəndaşlarımın, xalqımın qarşısında bir daha deyirəm ki, prezident kimi Azərbaycanın müstəqilliyinin qorunmasını bu günə qədər təmin etdiyim kimi bundan sonra da təmin edəcəyəm.
• Mən Azərbaycan xalqının iradəsinə arxayınam və özümün də iradəmə əsaslanıram. Özümün də iradəm budur ki, Azərbaycan xalqı daim müstəqil dövlət çərçivəsində yaşamalıdır, öz taleyinin sahibi olmalıdır və taleyini özü həll etməlidir. Azərbaycanın təbii sərvətləri, təbiəti, Azərbaycan xalqının intellektual imkanları, respublikamızın iqtisadi potensialı ölkəmizin müstəqil yaşamağına imkan verir. Ona görə də biz bu müstəqilliyi qoruyub saxlayacağıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin