Əlcəzairin Milli Xalq Assambleyası (parlament) XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.
Beləliklə, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik, "birbaşa və dolayı nəticələri, həmin tarixdən sonra da davam edən təsirləri" qanunvericilik səviyyəsində rəsmi şəkildə cinayət kimi təsbit olunub. Qanun müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi ilə bağlı təxminən 30 növ cinayət müəyyənləşdiriblər. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, qadağan olunmuş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, o cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları daxildir. Bu sınaqların nəticələrini yerli sakinlər bu gün də hiss edirlər.
Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və kompensasiya ödənilməsini tələb edəcək.
Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb. Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib.
Əlcəzair Fransanın işğalı altında 130 ildən çox qalıb. 1962-ci ildə milli-azadlıq müharibəsi nəticəsində ölkə müstəqillik qazanıb.
Dekabrın əvvəlində Afrikanın bir sıra ölkələri 30 noyabr – 1 dekabr tarixlərində Əlcəzairdə keçirilən beynəlxalq konfransın yekunlarına dair bəyannamə qəbul ediblər. Bəyannamədə metropoliyalara müstəmləkəçilik keçmişinə görə rəsmi şəkildə günahlarını etiraf etmək və kompensasiya mexanizmlərinin hazırlanması çağırışı yer alıb.
Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a açıqlama verib: "Uzun illərdir ki, Fransanın nəinki xarici, həm də daxili siyasətinə təsir edən əsas məqamıardan biri məhz müstəmləkəçilik siyasətidir. Bu siyasət həm də Yelisey Sarayının demokratik dövlət iddialarına zidd davranış olmaqla rəsmi Parisin özünün özünü ifşasıdır.
Emmanuel Makron iqtidarı müstəmləkəçilik siyasətindən əl çəkmir. Bu isə Fransanın beynəlxalq aləmdəki nüfuzuna getdikcə daha çox zərbə olur.
Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Məsələn, Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası buna bariz misaldır. Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Adada Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir. Həmçinin əhalinin 90 faizindən çoxu müsəlmanlardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir.
Dünyada Fransanın kolonialist siyasətinə qarşı əzmlə mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır. Rəsmi bu istiqamətdə ciddi işlər görür və müəyyən nəticələrə nail olur. Əminliklə demək olar ki, Əlcəzair parlamentinin sözügedən qərarında da bu və ya digər formada Azərbaycanın rolu var. Belə ki, rəsmi Bakı həm də beynəlxalq hüquqa hörmətlə yanaşaraq həmin normaların icrasına çalışır.
Təbii ki, ortaya qoyulan səylər nəticə verməyə bilməzdi. Fikrimcə, XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul etməsi növbəti analoji qərarlar, beləliklə, müstəmləkəçilik siyasətinə qarşı mübarizə və bu siyasətin ifşası üçün də təkan olacaq".
Cavanşir ABBASLI