Rusiya yeni hücum dalğası başladıb; deputat: “İstənilən dövlət ölkəmizlə əməkdaşlıqda maraqlı olmalıdır, nəinki...”
Rusiyada azərbaycanlılara qarşı növbəti hücum dalğası başlayıb. Soydaşlarımızın əmlaklarına ziyan vurulması, həbsi, zorakılığa məruz qalması ilə bağlı yayılan növbəti xəbərlər narahatlıq yaradır. Üstəlik, həbsdəki azərbaycanlılara qarşı elan olunmuş saxta ittihamların dəyişdirilməməsi suallar doğurur.
Növbəti həbslərin xüsusən də ötən ilin 25 dekabrında Azərbaycanın mülki təyyarəsinin vurulması və çoxsaylı günahsız insanlarımızın həlak olması, yaralanması ilə nəticələnən dəhşətli hadisənin ildönümü ərəfəsində baş verməsi təsadüf hesab oluna bilməz. Rusiya tərəfinin üzrxahlığının ardınca günahkarların cəzalandırılacağı gözlənildiyi halda, şimal qonşumuzda anti-Azərbaycan mövqelərin daha çox baş qaldırdığını görürük, Voronejdə baş verənlər də buna sübutdur.
Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Prezidentin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkə hesabında paylaşım edərək bildirmişdi ki, görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, H.Hacıyev dekabrın əvvəlində Brüssel səfəri zamanı “EU Today”a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi. “Bu məsələlər həll olunan zaman, biz yanlış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.
Göründüyü kimi, rəsmi Bakı normal qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirir.
Rusiya mediası, ayrı-ayrı ekspertləri və hətta rəsmilərindən Cənubi Qafqazla bağlı sərt ritorikanı davamlı şəkildə müşahidə etməkdəyik. Azərbaycan və Ermənistanın ikitərəfli formatda sülh danışıqlarını davam etdirməsi, müxtəlif razılaşmalara imza atmaları Rusiyada birmənalı qəbul olunmur, tez-tez üçtərəfli komissiyaları və 2020-ci ilin 10 noyabr bəyanatını xatırladırlar. Xüsusilə də Ermənistanın Avropa İttifaqına can atmasını, müxtəlif sənədlər imzalamasını rəsmi Moskva həzm edə bilmir. Hər zaman özünə forpost hesab etdiyi ölkənin bu gün əldən çıxması Kremli qıcıqlandırır. Bu arada bəlli olub ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistan məsələsini müzakirə edəcəklər. Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. “Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz bu məsələdə Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısının alınması üçün bizə müraciət edib”, - deyə Kallas qeyd edib. K.Kallas bundan əvvəl də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirəcəyini söyləyib. Sözsüz ki, Rusiya bu əməkdaşlığa biganə qalmayacaq. Odur ki, Kreml hansısa məqamda hərəkətə keçə bilər. Xüsusilə də seçkiqabağı Nikol Paşinyana qarşı hansısa sürprizlərin olacağı istisna edilmir. Bu mənada güman olunur ki, Rusiya Avropa İttifaqına can atan Ermənistanla haqq-hesab çəkməyi planlaşdırır. Zəngəzur dəhlizinin - Tramp marşrutunun 99 illik ABŞ şirkətinə icarəyə verilməsi barədə razılaşma, Ermənistanın Qərbə yönəlik reveransları Kremli aşkar şəkildə qəzəbləndirib. Amma ölkəmizə qarşı da münasibət bəllidir. Bir neçə ay sonra Duma üzvləri səviyyəsində “Qafqaz dağlarını aşıb”, Azərbaycana hücum etmək çağırışları edənlərin ölkəsindən təhlükələr gözləmək mümkün görünür, tarixin acı təcrübələri də bunu deyir. Hazırda Ukrayna ilə müharibə aparan Kremlin bu savaşı başa çatdırandan sonra Azərbaycana, bütövlükdə Cənubi Qafqaza doğru hərəkət edə biləcəyi haqda beynəlxalq ekspertlər də xəbərdarlıq edirlər. Doğrudanmı Rusiya Ukraynadan sonra Azərbaycana hücum edə bilər?

Pərvanə Vəliyeva
Deputat Pərvanə Vəliyeva “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə təhlükəli məsələlər ehtimallar və fərziyyələr üzərində qurula bilməz: “Sualı fərqli də qoya bilərik. Hər hansı bir ölkə niyə Azərbaycana hücum etsin ki? Bunun üçün hansısa zəmin varmı? Görürük ki, buna heç bir əsas yoxdur. Azərbaycan güclü ölkədir, beynəlxalq birlik tərəfindən hesablaşılan dövlətdir. Azərbaycan müstəqil və milli maraqlara əsaslanan praqmatik siyasət yürüdən ölkədir. İstənilən ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır, nəinki ziddiyyətlərdə. Ölkəmiz bütün qonşularla normal münasibətlərin saxlanılmasında maraqlıdır. Xarici siyasət prioritetlərimizdən biri də qonşularla əməkdaşlığın gücləndirilməsidir, Rusiya ilə də həmçinin”.
P.Vəliyeva xatırlatdı ki, ölkə rəhbərlərinin bir neçə ay öncə Düşənbədəki görüşü pozitiv oldu: “Azərbaycan Rusiya səmasında vurulan təyyarəmizlə bağlı dövlətimizin haqlı tələblərinin yerinə yetirilməsini gözləyir. Bu məsələlər tam həll olunduqdan sonra iki ölkə arasındakı narahatlıq tam aradan qalxmış olacaq”. Deputat təyyarə olayının ildönümündə Rusiyadakı azərbaycanlılara qarşı basqıların yenə artdığını da təsdiqlədi: “Bugünlərdə Rusiyada yaşayan azərbaycanlı mühacirlərə qarşı təzyiqlərin artdığını mediadan izləyirik. Son illər miqrantlarla bağlı qanunvericiliyin sərtləşməsi, yoxlamaların artması həmvətənlərimizdən də yan keçmir. Polisin reydləri təkcə azərbaycanlılara qarşı deyil. Amma etiraf edək ki, iki ölkə arasında hər hansı gərginlik yaranan kimi, həmvətənlərimizə qarşı müxtəlif bəhanələrlə təzyiqlər artır. 2025-ci ilin əvvəllərindən etibarən Rusiyada mühacirlərlə bağlı bir sıra yeni qaydalar qüvvəyə minib. Bu qaydalar xarici vətəndaşların ölkə ərazisində qalma müddətini, qeydiyyat sistemini və iş icazələrinin verilməsini ciddi nəzarət altına alır. Yeni qaydalara görə, Rusiya ərazisində bir il ərzində qalma müddəti maksimum 90 günlə məhdudlaşdırılıb. İş icazələrinin verilməsi də sərtləşdirilib”.
Kremlin Ermənistanla bağlı planlar hazırladığına gəldikdə, P.Vəliyeva da hesab edir ki, seçkilər yaxınlaşdıqca Ermənistanda Avropa İttifaqı - Rusiya rəqabətinin daha da qızışacağını, gərginliyin artacağını proqnozlaşdırmaq çətin deyil: “Bu gün Ermənistan həm KTMT-yə üzv kimi iqtisadi fəaliyyətdə və ticarətdə güzəştlərdən yararlanır, həm də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalayır. Avropa İttifaqı hər vasitə ilə Paşinyan hökumətinin gücləndirilməsi üçün addımlar atır. Məhz o səbəbdən bu gün Ermənistandakı kütləvi həbslərə, kobud insan haqları pozuntularına göz yumurlar. Həmçinin sanksiyalara məruz qalan malların Ermənistan vasitəsilə Rusiyaya göndərilməsi Qərb ölkələrinə məlum olsa da, susmağa üstünlük verirlər. Rusiya isə asanlıqla Ermənistanı güzəştə getmək istəməyəcək. Moldovadan sonra Aİ-Rusiya rəqabətinin növbəti dayanacağı Ermənistan olacaq”.
E.PAŞASOY