Bir neçə gün öncə İran Kəşfiyyat Nazirinin bəyanatı böyük əks-səda doğurdu. Xarici düşmənlərin, İranın Dini Lideri Ayətullah Seyid Əli Xamneyiyə qarşı sui-qəsd və ya hücum hazırlığında olduğu bildirildi. Bunu İranın Kəşfiyyat Naziri Seyid İsmayıl Xətib deyib. Xətib həmçinin, onların məqsədinin İranda qeyri-sabit vəziyyət yaratmaq olduğunu qeyd etdi.

Beynəlxalq münasibətlər üzrə ekspert, iranlı analitik Farşid Bağerian Moderator.az-a bu təşəbbüsün arxasında hansı ölkələrin duracağı, sui-qəsdin vaxtı və kəşfiyyat müharibəsi barədə açıqlama verib.
O qeyd edib ki, 12 iyun İran-İsrail qarşıdurması zamanı 20-dən çox general İsrail tərəfindən sui-qəsdə məruz qaldı:
“Bu cür əməliyyatlar Livan və Qəzzada da həyata keçirildi. İsrail tərəfi bəzilərini öz üzərinə götürsə də, çoxu barədə susqunluq nümayiş etdirdi.
Hizbullaha qarşı edilən “peycer hücumu” kimi əməliyyatların tamamilə İsrail layihəsi olduğu inandırıcı deyil. Amerika texnologiya şirkətlərinin (məsələn, Palantir) təmin etdiyi “Big Data” İsrailə ötürülərək, kəşfiyyat və sui-qəsd əməliyyatlarında istifadə olunur”.
Ekspert sui-qəsd planlarının İranın dini liderinin təhlükəsizliyini gündəmə gətirdiyini bildirib:
”Donald Trampın "Ayətullah Əli Xamneyi sui-qəsdə məruz qalacaqdı, mən buna mane oldum" iddiası da bu narahatlıqları artırır. Ümumiyyətlə, bütün ölkələrdə Azərbaycan, Türkiyə, ABŞ, İran liderlərinin qaldığı yerlər ən yüksək səviyyədə gizli saxlanılır. Əgər İsrail dini liderin təhlükəsizliyini təmin edən komandanlığa hansısa şəkildə nüfuz etmiş olsaydı, bəlkə də istəklərini həyata keçirmək mümkün olardı. Amman bunun real olduğunu düşünmürəm. Çünki bu səviyyədə bir nüfuz olsaydı belə, artıq çoxdan ifşa edilər və tamamilə zərərsizləşdirilərdi. Dolayısıyla bundan sonra dini liderə qarşı sui-qəsd ehtimalı İsrailin planı ola bilər”.
Farşid Bağerian mövcud vəziyyəti "Kəşfiyyat Müharibəsi" kimi xarakterizə edir:
Beşinci nəsil müharibənin bir tərəfi media, bir tərəfi kəşfiyyat savaşı, digər tərəfləri isə hibrid yönümlü müxtəlif təsir vasitələridir. Əgər nazir bu mövzuda açıqlama veribsə, nəzərə almaq lazımdır ki, dünyada “Kəşfiyyat Nazirliyi” statusu olan yeganə ölkə İrandır. Bir çox dövlətlərin xüsusi xidmət qurumları olsa da, naziri olan struktur yalnız İranda mövcuddur. Bundan əlavə, İranda da Amerikanın nümunəsində olduğu kimi bir neçə kəşfiyyat qurumu fəaliyyət göstərir. Rəqəmlər ABŞ-dakı kimi olmasa da, say çoxdur. Dini liderin mühafizə sistemi ayrıca quruluşdur və onu Kəşfiyyat Nazirliyi idarə etmir. Nazir isə özünün topladığı məlumatlar əsasında bu fikirləri səsləndirib ki, bu da reallığa uyğundur. Çünki İran və İsrail arasında kəşfiyyat savaşı həqiqətən də davam edir. Bu qarşıdurmanın məqsədi bölgədə mövcud nizamı dəyişmək və mümkünsə dini lideri hədəfə almaqdır. Bu, onların arzusudur, lakin hazırda bunun həyata keçməsi real görünmür. Ayətullah Seyid Əli Xamneyinin sui qəsdə qarşı qabaqlayıcı tədbirlər gördüyünü də qeyd etmək lazımdır. 12 günlük müharibə zamanı onun yerinə keçəcək şəxslərin adları açıqlanmasa da, bununla bağlı xüsusi bir şura müəyyənləşdirildi. Yəni liderə hər hansı bir hadisə baş versə belə, İran idarəsiz qalmayacaq. Bu da əslində qarşı tərəfə verilmiş strateji cavabdır. İran da İsrailə qarşı kəşfiyyat fəaliyyəti aparır. Tərəflərin planları qarşı tərəfin xüsusi xidmət orqanları tərəfindən aşkarlanır. Hazırda İran ilə İsrail arasında kəşfiyyat savaşı davam edir”.
Mehin Mehmanqızı