Dəmir yumruq » Mədəniyyət » XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimindən - Fotolar
Mədəniyyət / Bugün, 18:16

XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimindən - Fotolar

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Demiryumruq.az məlumatına görə, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, türk dövlətlərinin bəstəkarlar ittifaqının rəhbər şəxsləri, mədəni-ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.
 
Festivalın açılış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestri dirijor Fuad İbrahimov idarə edib. Konsertdə Macarıstandan dəvət olunmuş violin ifaçısı Şandor Laszlo, eləcə də Azərbaycanın tanınmış musiqiçiləri – fleyta ifaçısı Nicat Salmanov və qoboy ifaçısı Alim Sadıxov solist qismində çıxış ediblər.
 
Konsert proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasına uvertürası (Qara Qarayevin işləməsi), Afaq Rəhimkulovanın “Qozı Körpeş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, Murad Beqaliyevin “Bayram uvertürası”, Özdən Gülbəyin fleyta, qoboy və orkestr üçün “Rapsodiya” əsəri, Rəşid Nepesovun “Yunus”, Rauf Abdullayevin “Sevgi mahnısı” və Şandor Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri daxil edilib.
 
Qeyd edək ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü qeyd olunur. Bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı isə bu il 18-ci dəfə keçiriləcək. Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək. Festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
 
Lamiyə Məmmədova

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.