Macarıstanda Şandor Petefinin əsərlərinin türk dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqə başa çatıb
Macarıstanda görkəmli şair Şandor Petefinin 200 illik yubileyi münasibətilə onun əsərlərinin TÜRKSOY təşkilatının üzvü olan xalqların dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Türk Dövlətləri Təşkilatının üzv dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşları iştirak ediblər. Bu ölkələrdən olan yüzdən çox şair Şandor Petefinin əsərlərinin 500 tərcüməsini təqdim ediblər. Onların sırasından yeddi şair seçilərək qalib elan edilib. Ramil Əhməd (Azərbaycan), Cavid Mövsümlü (Azərbaycan), Dauren Berikkajyulı (Qazaxıstan), Tolukbek Mendebayev (Qırğızıstan), Dursun Ayan (Türkiyə), Akmırat Rəcəbov (Türkmənistan) və Rustam Musurmon (Özbəkistan) bu müsabiqənin qalibləri olublar.
Bədii tərcümələr üzrə müsabiqə Macarıstan Baş nazirinin dəftərxanası, Xarici İşlər və Ticarət Nazirliyi, Kişkunfeleqixaz meriyası, Macarıstan Yazıçılar Assosiasiyası, Macarıstan Elmlər Akademiyası, Milli Mədəniyyət İnstitutu, Petefi Ədəbiyyat Muzeyi və Tolstov Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
Mükafatların təntənəli təqdimatı mərasimi Kişkunfeleqixazdakı Mor Ferents adına Mədəniyyət Mərkəzində keçirilib.
Mərasimdə giriş nitqi ilə çıxış edən şəhər meri Yojef Çanyi xatırladıb ki, 1948-ci il martın 15-də Peşt və Budada inqilab alovlanıb. Əvvəlcə macar xalqının üsyanının yatırılması üçün milli qvardiya və Habsburq imperiyasının ordu hissələri cəlb olunub. Sonra avstriyalıların köməyinə xarici monarxiyalar yetişiblər.
Müsabiqənin hər bir iştirakçısı Petefinin şeirlərini seçməklə yanaşı, onun “Azadlıq və sevgi” poemasını öz ana dilinə tərcümə etməli idi. Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan şairlər müsabiqəyə 500-ə yaxın tərcümə təqdim ediblər. Hər bir ölkədən olan qalib-namizədlər Macarıstana səkkizgünlük səyahət hüququ qazanıblar.
Macarıstan parlamentinin sədr müavini Şandor Lejak mərasimdəki çıxışında ədəbi fəaliyyətlə yanaşı, türkdilli xalqların mədəniyyətlərin yaxınlaşmasında yaxından iştirak edən TÜRKSOY beynəlxalq təşkilatının baş katibi Sultan Rayevin əməyini yüksək qiymətləndirib. O, bədii tərcümə proqramına dəstəyə görə Türk Dövlətləri Təşkilatının ölkələrinin səfirlərinə də təşəkkürünü bildirib.
TÜRKSOY beynəlxalq təşkilatının baş katibi Sultan Rayev çıxışında qeyd edib ki, Şandor Petefinin əsərlərinin tərcüməsi üzrə uğurla başa çatan müsabiqə şairin yaradıcılığının təşkilata üzv olan ölkələrdə təbliği baxımından mühüm tədbirdir. O, tərcümə müsabiqəsini təşkil etdiyinə görə rəhbərlik etdiyi təşkilatın adından Şandor Lejaka minnətdarlıq edib.
Müsabiqə çərçivəsində Kişkunfeleqixaz şəhəri Şandor Petefi adına Şəhər Kitabxanasının ən yaxşı təmsilçiləri və Mor Ferents adına Xalq Mədəniyyət Assosiasiyasının qiraətçilər müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər. Parlamentin sədr müavini Şandor Lejak orta məktəb şagirdləri Noemi Şeri, Dora Adam və Jofiya Qalfiyə hədiyyə paketləri təqdim edib.