Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, axşam saatlarında yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Renault” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Emin Niftiyevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən E.Niftiyevin narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.