Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində - əsas magistral yolun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, ilk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən yeni, fərqli üsulla əkilib.
Ağaclara qulluq göstərilməsi və suvarılması məsələləri nəzarətə götürülüb və həmin işlərin icrasına cavabdeh şəxslər müəyyən edilib.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən ağacəkmə aksiyasının payız mövsümü ərzində paytaxtın digər ərazilərində də təşkili nəzərdə tutulur.