Şəkinin Gəncəli məhəlləsində yerləşən, XIX əsrdə şəkili sahibkar Məmmədnəbi tərəfindən tikilən və həmin dövrdə “Məmmədnəbi hamamı” kimi adlandırılan “Dərə hamamı” baxımsızlıq səbəbindən yararsız hala düşüb.
Ümumi sahəsi 89 kvadratmetr olan hamama su saxsı borular vasitəsilə verilib.
Fəaliyyət göstərdiyi dövrdə fərqli günlərdə həm kişilər, həm də qadınlar hamama gəliblər. Hamamdan birdəfəyə 40-50 nəfər istifadə edə bilib.
Hazırda pəncərələri sınmış, qapısı qıfıllı olan “Dərə hamamı”nın içində, sakinlərin sözlərinə görə, ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıblar. Həmçinin hamamın uçan tavan və divarları məhəllə sakinlərini narahat edir.
Doğulandan Gəncəli məhəlləsində yaşayan 75 yaşlı Nüsrət Məmmədov deyir ki, uşaqlığından hamama gəlib-gedib və istifadə edib. Həmin vaxt hamamda bir çox xidmətlərin olduğunu bildirən məhəllə sakini bu məkanın indiki halına ürək ağrısı ilə baxır.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundan bildirilib ki, hamam təmir-bərpa ediləcək abidələrin siyahısına salınıb. Bərpadan sonra tarixi abidənin yenidən fəaliyyətə başlayacağı da istisna edilmir.