2022-ci ilin 9 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin başlanması ilə əlaqədər universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə görüşlər keçirilib.
MDU-dan verilən məlumata görə, əməkdaşları səmimi salamlayan MDU-nun rektoru Şahin Bayramov görüş iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayıb.
Yay tətili müddətində MDU adına qazanılan uğurlardan bəhs edən rektor həmin uğurlarda MDU ailəsinin hər bir üzvünün pay sahibi olduğunu vurğulayıb.
MDU-nun publik hüquqi şəxs statusu əldə etməsi və Universitetinin yeni nizamnaməsinin təsdiq edilməsi haqqında danışan Ş.Bayramov sözügedən qərarın yaratdığı imkanları diqqətə çatdırıb. Rektor MDU-nun Beynəlxalq Universitetlər Assosiasiyasına (International Association of Universities – IAU) üzv qəbul olunması, Fulbright proqramı çərçivəsində Amerikalı mütəxəssisin MDU-da bir il fəaliyyət göstərəcəyi, Universitetin mətbuatda təbliği sahəsində görülmüş işlər, tələbə qəbulunun ilkin nəticələri və digər məsələlər barədə fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yaradılması ilə elm və təhsilin inteqrasiyası üçün yaranan geniş imkanları qeyd edən rektor növbəti mərhələdə Universitetin qarşısında dayanan vəzifələrdən bəhs edib.
Səmimi formatda baş tutan görüşdə yeni tədris ilində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, MDU-nun cəmiyyətin həyatındakı rolunun gücləndirilməsi, tələbə gənclərin hərtərəfli inkişafı, universitet – sənaye işbirliyinin genişləndirilməsi və digər vacib istiqamətlərdə görüləcək işlər və yeni çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
Kollektivin malik olduğu yüksək potensialı vurğulayan Ş.Bayramov MDU-nun strateji hədəflərinə çatmaq yolunda yeni tədris ilinin daha uğurlu olacağına əminliyini ifadə edib.
Görüşlərdə çıxış edən əməkdaşlar ölkə başçısı tərəfindən ali təhsilin inkişafına və ali təhsil sahəsində çalışanların rifahının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər, yeni tədris ilində bütün güclərini səfərbər edərək çalışacaqlarını bildiriblər.
Rektor Ş.Bayramov MDU-nun yeni əməkdaşları dosent Asim Məmmədovu və dosent Mehdi Rəhimovu kollektiv üzvlərinə təqdim edib.