Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov son illər ərzində Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasından məmnunluqlarını ifadə etdilər. Həmçinin prezidentlər əminlik hissi ilə qeyd etdilər ki, bu əlaqələr bundan sonra da bütün sahələrdə inkişaf edəcək. Dövlət başçılarının birgə səyləri ilə əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdirilməsinə görə qarşılıqlı minnətdarlıq ifadə olundu.
Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri zəminində nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Bundan sonra telefon söhbətinə qoşulan Sərdar Berdiməhəmmədovu Türkmənistanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirdi.
Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədov təbriklərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi