Sosial şəbəkədə bu gün orta ümumtəhsil məktəblərində keçirilən buraxılış imtahanında istifadə olunan dinləmə mətninin ötən gün saat 22:30 ərəfələrində sosial şəbəkədə yayılması ilə bağlı iddialar var. Qeyd olunur ki, həmin mətn vatsap qruplarında yayılıb. Bəzi şagirdlər mətnlə tanış olublar və imtahana hazır giriblər.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, son zamanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında bəzi iştirakçıların imtahan başa çatandan sonra sual kitabçalarını nəzarətçinin diqqətindən yayınaraq ona təhvil vermədən özləri ilə aparması, kitabçalara aid şəkillərin, o cümlədən, imtahanlarda istifadə edilmiş yoxlama-ölçmə materiallarının imtahandan sonra sosial şəbəkələrdə yayılması hallarına rast gəlinir.
“Məlumat verildiyi kimi, bu gün keçirilən buraxılış imtahanında dörd şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Bundan başqa, bir imtahan nəzarətçisində mobil telefon aşkar edildiyi üçün, digər bir nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Bu hallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq.
Nəzərə almaq lazımdır ki, buraxılış imtahanları iştirakçı sayına görə ən kütləvi imtahanlar hesab olunur və burada bilik və hazırlıq səviyyəsindən asılı olmayaraq bütün şagirdlər iştirak edirlər.
Təkcə bu gün keçirilən imtahanda 23 minə yaxın şagird iştirak edib. Sabah da 25 minə yaxın şagird imtahana qatılacaq. İmtahanlar bütün ölkə boyu – şəhər və rayonlarda, hətta ən ucqar kəndlərdə belə təşkil olunur. Göründüyü kimi, prosesin masştabı olduqca böyükdür və burada az da olsa, müəyyən sayda qayda pozuntularına yol verilməsi halları da müşahidə olunur.
Bəzən imtahan iştirakçıları qadağan olunmuş elektron vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yoxlama zamanı onları aşkar etmək mümkün olmur. Kimsə telefon və ya hansısa bir elektron cihazı binaya keçirməyə nail olsa da, imtahan nəzarətçiləri onlardan istifadə hallarının qarşısını alırlar”.
Qurumdan əlavə edilib ki, bu gün sosial şəbəkələrdə yayılan kitabçadan şəkillər, həmçinin dinləmə mətni də bir imtahan iştirakçısı tərəfindən telefonla göndərilərkən nəzarətçi tərəfindən aşkar olunub:
“Çox təəssüf ki, həmin iştirakçı dinləmə mətni ikinci dəfə səsləndirilərkən onu diktafona yazmağa və vatsapla tanışına göndərməyə də müvəffəq olub. Nəzarətçi bunu müəyyən edən kimi, müvafiq hal protokollaşdırılıb və həmin şəxs imtahandan xaric olunub.
Müşahidələr onu göstərir ki, bu hallar təsadüfi xarakter daşımır və əvvəlcədən sövdələşmiş bir qrup şəxs tərəfindən planlaşdırılmış şəkildə həyata keçirilir. Çox təəssüf ki, bəzən imtahan iştirakçıları bu cür sövdələşmələrə təhrik edilir.
Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq”.