Xəbər lenti
Dəmir yumruq » Manşet » Kür çayının suyu niyə azalıb? - AÇIQLAMA
Manşet / Cəmiyyət / 5-03-2022, 15:16

Kür çayının suyu niyə azalıb? - AÇIQLAMA

Kür çayının suyu niyə azalıb? - AÇIQLAMA

Azərbaycanın ən böyük çayı olan və ölkənin əsas su mənbəyi sayılan Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin ciddi şəkildə azalması müşahidə olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, Kür çayında hidroloji monitorinqlər aparılır, gündəlik suyun səviyyəsi, su sərfi ölçülür.

O bildirib ki, 2022-ci ildə aparılan monitorinqlərin nəticələrinə əsasən, fevral ayında Kür çayının aşağı axınında suyun səviyyəsi enib, Surra hidroloji məntəqəsində 59 sm, Şirvanda 56 sm, Salyanda 121 sm, Bankədə isə 19 sm azalıb: "Mövsümə görə ölkə ərazisindəki çaylarda azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə yağıntının qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda sululuq azalır”.

A.Verdiyev bildirib ki, Kür çayında suyun kəskin azalmasına təsir edən amillərdən ən əsası iqlim dəyişikliyidir.

“Azərbaycanda, əsasən, aprel ayından başlayaraq iyun ayınadək havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuğun artması müşahidə olunur. Həmin dövrdə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mart ayının ilk günlərindən başlayaraq Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərinə 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq 31 marşrut üzrə qarölçmə işləri yerinə yetiriləcək”.

Baş hidroloq bildirib ki, artıq Kür çayının Ağstafa hissəsində suyun artması müşahidə edilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.