Xəbər lenti
Dəmir yumruq » Manşet » Moskva Bəyannaməsinin rolu
Manşet / Cəmiyyət / 24-02-2022, 18:05

Moskva Bəyannaməsinin rolu

Moskva Bəyannaməsinin rolu

Moskva Bəyannaməsinin rolu

Azərbaycanın regionda yaratdığı yeni reallıqların, son zamanlar formalaşmış yeni düzənin, eləcə də dünyanın fərqli qütbləri arasındakı münasibətlərin fonunda ölkəmizin öz müstəqil xarici siyasətinin milli maraqlarına uyğun şəkildə şaxələndirilməsi labüddür və bu baxımdan imzalanan “Moskva Bəyannaməsi” xüsusi əhəmiyyət kəsb edir. Artıq hər iki ölkənin parlamenti tərəfindən ratifkasiya olunan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" kimi “Moskva Bəyannaməsi” də ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirir. Bu Bəyannamələr əlbəttə ki, Azərbaycanın hər mənada təhlükəsizliyi üçün əlavə zəmanət deməkdir.
Ölkəmiz 44 günlük Vətən müharibəsində qələbə qazandı və əldə edilən zəfərin, qələbənin siyasi-diplomatik müstəvidə daha da möhkəmlənməsinin nə qədər əhəmiyyətli, nə qədər vacib olduğu sözsüz ki, bəllidir. Xüsusilə, regionda formalaşan yeni düzən fonunda siyasi-diplomatik müstəvidə atılan addımlar diqqətə, eləcə də təqdirəlayiqdir. Məhz yeni imzalanan bəyannamə, “Moskva Bəyannaməsi” bu baxımdan xüsusilə böyük əhəmiyyət daşıyır və bundan sonrakı dövr üçün yeni mərhələnin başlandığından xəbər verir. Bu, yeni mərhələdə ölkələrimizin müttəfiqliyi anlamına gəlir və münasibətlərin daha da yaxın olmasına əsaslı zəmin yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan “Moskva Bəyannaməsi” hər iki ölkənin üzərinə görürdüyü bir öhdəlikdir. Bu öhdəlik ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət edilməsini, münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasını özündə ehtiva edir. Əlbəttə ki, mövcud vəziyyətdə bunun nə qədər vacib olduğu kimsədə şübhə doğura bilməz. Xüsusilə bu Bəyannamədə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının qeyd olunması çox əhəmiyyətlidir. Hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi, tərəflərin bir-birinə qarşı yönələ bilən hərəkətlərdən çəkinməyə dair öhdəlik götürmələri bəyannamənin əhəmiyyətini daha da artırmış olur.
Ən çox diqqəti çəkən məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi barədə Bəyannaməsə qeyd olunmasıdır. Bilirik ki, ermənilər xislətlərinə uyğun olaraq, bütün öhdəliklərdən, rəsmi şəkildə verdikləri sözdən, vəddən imtina etməyə çalışırlar və məhz bu fonda bəlli olur ki, imzalanan sənədin əhəmiyyəti nə qədərdir və bu Bəyannamə, heç şübhəsiz ki, məlum 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar, yeni rıçaqlar deməkdir. Daha dəqiq desək, Zəngəzur Dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşması üçün imzalanan sənədin nə qədər böyük dəstək olduğu bəllidir.
Əlbəttə ki, nə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri təsadüfi səfər deyil, nə də “Moskva Bəyannaməsi” təsadüfi imzalanan sənəd sayıla bilməz. Bu səfər də, imzalanan bəyanat da düşünülmüş, planlanmış şəkildə reallaşıb və uzun zamandır ki, tərəflər buna hazırlaşırdılar desək, yanılmarıq. Əvvəla ona görə ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması bir günün işi deyil, əksinə, uzunmüddətli iş deməkdir, hansıki, uzun zaman tələb edir. Digər tərəfdən, heç şübhəsiz ki, hələ ötən ilin yayında Azərbaycanın qaraş Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi” zamanı belə bəlli idi ki, Rusiya ilə də Bəyannamə imzalanacaq. Hətta bunu da diqqətə çatdıraq ki, ölkə rəhbəri ötən ilin sönunda xalqımıza müraciəti zamanı bu barədə, yəni Azərbaycan-Rusiya əlaqələrinin yeni səviyyəyə qalxacağı barədə anons etmişdi və bütün bunlar göstərir, eləcə də təsdiqləyir ki, görüş də, imzalanan bəyanat da təsadüfi deyil.
Sözsüz ki, imzalanan Bəyannamənin Türkiyə ilə münasibətlərə necə isə xələl gətirəcəyi mümkünsüzdür, bunu düşünənlər yanılırlar və rəsmi Moskva da bilir ki, Azərbaycanın ən əsas müttəfiqi qardaş Türkiyədir, bunu təkzib etmək mümkün də deyil. Digət tərəfdən, rəsmi Bakı bunu gizlətmir, açıq-aşkar göstərir də. Eyni zamanda, bu son Bəyannaməni imzalamaqla Azərbaycan bir daha təsdiqlədi ki, “balanslı siyasət” ənənəsinə sadiqdir. Artıq ruslar indiyə qədər olmadığı kimi, bundan sonra da ölkəmizdə antirusiya əhval-ruhiyyəsinin olmayacağına əmin oldular. Bu da öz növbəsində münasibətlərin həqiqəyən keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması anlamına gəlir.
Təsadüfi deyil ki, ermənilər “Moskva Bəyannaməsi” imzalandıqdan sonra yuxularını qaçırıblar. Çünki bu sənədin imzalanması həqiqətən də ermənilərə ən böyük zərbə oldu. Ermənistanın KTMT-yə üzv olmasından sui istifadə etməklə, ermənilərin Azərbaycanla Rusiyanı üz-üzə qoymaq arzusu puça çıxdı, deməkdir “Moskva Bəyannaməsi”. Xatırladığımız kimi, müharibə dövründə də, müharibənin sönunda da, müharibə bitdikdən sonra da Ermənistan tərəfinin bizi provokasiya etmək niyyəti ilə ərazilərimizi atəşə tutması, bununla da Azərbaycan tərəfini Ermənistan torpaqlarına çəkmək cəhdləri göz önündə idi və bütün bunlar təsdiq edir ki, ermənilər daim Rusiyanı Azərbaycanla üz-üzə qoymaq arzusunda olublar. Amma artıq son imzalanan sənəd bu erməni arzusunun belə üstündən xətt çəkdi.
Bəli, Azərbaycan hər iki qonşu dövlətlə Bəyannamə imzalamaqla regionda öz mövqeyini daha da gücləndirdi. Çünki, əvvəla, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı qazandırdı. Digər tərəfdən də Azərbaycan regionun ən aparıcı iki ölkəsi ilə müttəfiq oldu və bu da ölkəmizin öz təhlükəsizliyin tam olaraq qarant altına alması deməkdir. Bir sözlə, bütün məqamlar bir daha təsdiq edir ki, “Moskva Bəyannaməsi” mövqeyimizi daha da gücləndirdi və artıq qüdrətli dövlətə çevrilən, öz müqəddəratını özü həll edən, torpaqlarını öz gücünə işğaldan azad edən, ərazi bütövlüyünü öz hesabına bərpa edən Azərbaycan təhlükəsizliyini də daha artıq qarant altına almış oldu, hansıki bu da bizim ölkəmizin, ölkə rəhbərimizin diplomatik qələbələrindəndir.

Rövşən Muxtarov – Masallı rayon Güllütəpə kənd sakini.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.